"Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkıranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay, Ramal Məmmədov 12 il müddətinə azadlıqdan mərhum ediliblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.