Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun silahlı hücuma məruz qaldığı hadisə ilə bağlı başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Stopnarkotik.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay, Ramal Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2023-cü ilin martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib. İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib./apa