Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya təşkil olunub - FOTO

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Astara Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Stopnarkotik.az xəbər verir ki, aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

Stopnarkotik.az