“Narkomaniyanın profilaktikası ailə və məktəbdən başlamalıdır” – İCTİMAİ BİRLİK SƏDRİ

Gülayə Səfərova: “Narkotik asılılığından xilas olmaq üçün psixoloji dəstək də olmalıdır”

“Ümumbəşəri problem olan narkomaniya cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. Gənclərimizin sağlam, layiqli vətəndaş kimi böyüməsi, tərbiyə olunması, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biridir. Lakin narkomaniya elə bir sosial bəladır ki, bu problemə qarşı təkcə dövlət mübarizə aparmalı deyil, hər birimiz mübarizə aparmalıyıq.

Stopnarkotik.az xəbər verir ki, bunu “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova saytımıza açıqlamasında bildirib. Onun fikrincə, əslində, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlamalıdır:

“Biz, qeyri-hökumət təşkilatları olaraq, gəncləri narkomaniya və digər zərərli vərdişlərin acınacaqlı nəticələri barədə məlumatlandırırıq, ictimai müzakirələr təşkil edirik, yeniyetmə və gənclər arasında maarifləndirici materiallar yayırıq. Amma əslində narkomaniyanın profilaktikası ailə və məktəbdən başlamalı, sistematik olmalı və kütləvi xarakter daşımalıdır”.

İctimai Birlik sədri deyir ki, narkomaniyaya qarşı mübarizədə cəzaların sərtləşdirilməsi də mühüm amildir: “Narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Maarifləndirmə və təbliğat işi də kifayət qədər aparılır. Düşünürəm ki, cəzanın sərtləşdirilməsi daha məqbuldur”.

Gülayə Səfərova hesab edir ki, maarifçilik məsələsində cəmiyyətdə nüfuz sahibi olan insanlardan da faydalanmaq lazımdır: “Əgər cəmiyyətimizi sağlam görmək istəyiriksə, peşəsindən asılı olmayaraq hər kəs, o, cümlədən də tanınmış simalar bununla bağlı təbliğat aparmalıdırlar. Bir vaxtlar rəhmətlik Hüseyn Dərya bizə qoşulub, narkomaniya və insan alverinə qarşı mübarizə tədbirlərimizdə iştirak edirdi. O, narkomaniyanın onun sənətinə, şəxsiyyətinə, ailəsinə, sağlamlığına vurduğu ziyanlardan danışırdı və çox gözəl təbliğat idi.

Bildiyiniz kimi, ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı hüquq mühafizə orqanları tərəfindən sərt addımlar atılır, genişmiqyaslı tədbirlər həyata keçirilir. Bizlər də öz növbəmizdə maarifləndirmə və təbliğat işlərimizi artırsaq, düşünürəm ki, nəticəsi yaxşı olar”.

G.Səfərova bu fikirdədir ki, narkomaniyanın qarşısını almağın əsas yollarından biri də təhsil müəssisələrində, xüsusən də məktəblərdə maarifləndirmə işinin aparılmasıdır: “Eyni zamanda, bu sahədə valideyn-məktəb münasibətlərinin sıx olması da önəmli faktordur. Ümumiyyətlə, zərərli vərdişləRə qarşı təbliğat uşaq yaşlarından aparılmalıdır. İlk olaraq evdə, sonra da məktəbdə. Mən deməzdim ki, bu, kütləvi xarakter daşıyır, amma narkotik istifadəçiləri arasında gənclər və yeniyetmələr də var. Bu da ilk növbədə valideyn nəzarətinin zəif olması, valideynlə övlad arasında münasibətlərin düzgün qurulmamasından irəli gəlir”.

Həmsöhbətimiz bildirir ki, narkomaniyanın müalicəsində psixoloji faktor da əhəmiyyətli rol oynayır: “Narkomaniya insanın ağıl, iradə, hiss və emosiyalarını, ümumən psixikasını zədəliyən fiziki və psixoloji asıllıqdır. Narkotik asılılığından xilas olmaq üçün psixoloji dəstək mütləq olmalıdır. Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində çoxlu işlər görülür, amma müasir texnologiyaların və yeni üsulların tətbiqinə və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə yenə də ehtiyac var”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az