Məşhur gecə klubunda “Qoçu”nu bıçaqlamışdı - Hökm oxundu

Bu ilin 20 mart tarixində gecə saat 04 radələrində Səbail rayonu Xəqani küçəsində yerləşən "Troya" gecə klubunda bıçaqlanma hadisəsi törətmiş şəxsə hökm oxunub.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Əlif M. Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Əlif gecə klublarında zər və fişəng satışı ilə məşğul olub. Onunla eyni işlə məşğul olan "Maqa" ləqəbli Məhəmmədəli adlı şəxsin Əlifə 700 manat borcu yaranıb. Həmin gecə də Əlif Məhəmmədəlinin işlədiyi "Troya" gecə klubuna gedərək pulunu almaq istəyib. Bu zaman mübahisəyə həmin klubda işləyən "Qoçu" ləqəbli İnşallah M. qoşulub. Münaqişə zamanı Əlif üzərində gətirdiyi bıçaqla İnşallaha ürək nahiyəsindən zərbə endirib.

Məhkəmədə tərəflər barışdıqlarını bildiriblər. "Qoçu" ləqəbli şəxs Əlifə həbslə əlaqəli cəza təyin edilməməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlif M.-yə 4 il 1 ay müddətinə həbs cəzası verilib.