30 manata hər hansı banka olan minlərlə manat borcunu bir neçə dəqiqə ərzində sildirmək...
Bu nə qədər təəccüblü görünsə də, bir o qədər cəlbediciliyi ilə diqqətdən yayınmır.
Sosial şəbəkələrdə elan kimi yerləşdirilən haker xidməti yalnız bununla kifayətlənmir. Onlar istənilən sosial şəbəkə hesablarının oğurlanması, telefonla istənilən şəxslərin izlənməsi prosesini də həyata keçirdiklərini bildirirlər.
Baku TV-nin əməkdaşı gerçəyi öyrənmək məqsədilə sözügedən səhifə ilə əlaqə saxlayıb. İki banka ümumilikdə 2700 manatadək borclu olduğunu və bunu sistemdən sildirmək istədiyini bildirib.
Səhifəni idarə edən admin ilkin olaraq bunun qarşılığında hesablarına 30 manat köçürülməsini tələb edib. Tərəddüd edildiyini gördükdə isə 15 manatı öncədən, qalanını isə proses başa çatdıqdan sonra ödəməyi təklif edib.
Jurnalist ona telefonla əlaqə saxlamaq istədiyini bildirsə də, mobil nömrəsi olmadığını əsas gətirərək yayınıb.
İnformasiya Texnologiyaları üzrə ekspert Vahid Qasımın sözlərinə görə, dünyanın hər yerində bank sistemlərinə müdaxilə faktları mövcuddur:
“Ən güclü təhlükəsizlik tədbirlərinə malik sistem banklardadır. Çünki söhbət puldan gedir. Ən kiçik müdaxilə belə zaman keçdikcə böyük məbləğlərin itirilməsinə gətirib çıxara bilər”.
Ətraflı videonu təqdim edirik: