Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənov barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub .
Qərara əsasən, onların şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Eldarovla M.Həsənovun hər biri 5 il və S.Nəsirov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Həsənovun barəsində verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub. O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib. Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.