Macarıstan bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayır.
Bu barədə “Azadlıq Radiosu”nun Ermənistan bürosu diplomatik mənbələrə istinadən yazıb.
Diplomatik mənbələr bildirib ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.
“Azadlıq Radiosu” qeyd edir ki, Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.
“Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir”, - sənəddə deyilir.