Lukaşenkonun yoxa çıxmış 3 rəqibinin taleyi necə olub? – İsveçrədə qalmaqallı məhkəmə başlayır

Sentyabrın 19-da İsveçrə məhkəməsi Belarus Daxili İşlər Nazirliyinin xüsusi çevik reaksiya bölməsinin (SOBR) keçmiş əsgəri Yuri Qaravskinin cinayət işinə baxmağa başlayacaq. O, 1999-cu ildə Aleksandr Lukaşenkonun üç siyasi rəqibinin oğurlanaraq öldürülməsində ittiham olunur.

Xatırladaq ki, Belarusun keçmiş daxili işlər naziri Yuri Zaxarenko, Mərkəzi Seçki Komissiyasının keçmiş rəhbəri Viktor Qonçar və müxalifəti dəstəkləyən iş adamı Anatoli Krasovski oğurlanaraq öldürülüb. Belarusda bu cinayətlər hələ də tam araşdırılmayıb.

Qaravski universal yurisdiksiya altında mühakimə olunacaq. Belarusun “Viasna” insan haqları mərkəzinin vəkili Pavel Sapelko bildirib ki, Lukaşenkonun “ölüm eskadrilyasının” üzvü olduğu iddia edilən şəxsin ilk dəfə mühakimə olunması beynəlxalq cinayətlərə görə ədalətin dövlət sərhədlərindən və törədildiyi vaxtdan uzun müddət keçməsindən asılı olmayaraq həyata keçirilə biləcəyi ilə bağlı güclü siqnaldır.

İsveçrə qanunlarına görə, bu maddə üzrə cəza bir ildən 20 ilə qədər həbsdir. Qaravskinin özü şahid qismində dindirilməyə və şərti cəzaya ümid edir.

2019-cu ildə Yuri Qaravski “Deutsche Welle” radiosuna verdiyi müsahibədə 90-cı illərin sonlarında Aleksandr Lukaşenkonun siyasi rəqiblərinin oğurlanması və qətllərində şəxsən iştirak etdiyini bildirib. Qaravskinin sözlərinə görə, keçmiş daxili işlər naziri Yuri Zaxarenko evə qayıdarkən saxlanılıb, hərbi poliqonda öldürülüb, sonra isə onun cəsədi Minskdəki Şimal qəbiristanlığının krematoriyasında yandırılıb. O, həmkarları ilə birlikdə Viktor Qonçarı və Anatoli Krasovskini yuxarıdan gələn göstərişlə qaçıraraq öldürdüyünü də etiraf edib. Qaravski onların cəsədlərinin çuxura atıldığını və əşyalarının yandırıldığını iddia edib. Oğurlanmasından sonra Zaxarenko, Qonçar və Krasovskinin taleyi müəmmalı olaraq qalır və onların qalıqları heç vaxt tapılmayıb.

Beynəlxalq İnsan Haqları Federasiyasının (FIDH) hüquq müdafiəçiləri müsahibədən sonra Qaravskinin sığınacaq üçün müraciət etdiyi İsveçrədə olduğunu öyrəniblər.

2021-ci ilin yazında Lukaşenkonun itkin düşmüş rəqiblərinin qohumları keçmiş SOBR döyüşçüsünə qarşı İsveçrə prokurorluğuna şikayət ərizəsi ilə müraciət ediblər. Qaravski qısa müddətə həbs edilib. Dindirilmə zamanı o, təqsirini tam etiraf edib. İstintaq yekunlaşıb iş məhkəməyə verilməmiş o, azadlığa buraxılıb./“AzPolitika.info”