Yunanıstanın mərkəzi hissəsində yerləşən avtomobil körpüsü üç il əvvəl baş vermiş güclü fırtınadan sonra çaya çöküb. Körpü bu günə qədər təmir olunmasa da, bəzi sürücülər vaxt və yanacağa qənaət etmək üçün hələ də ondan istifadə edirlər.
Stopnarkotik.az xəbər verir ki, Söhbət Mərkəzi Yunanıstanın Fessaliya bölgəsində yerləşən Paleopirqos kəndindəki avtomobil körpüsündən gedir. Körpü 2023-cü il sentyabrın 14-də "Daniel" fırtınasının yaratdığı güclü daşqınlar nəticəsində ciddi zədələnib. Körpü tam dağılmayıb, lakin suya çöküb və ortasında böyük çat əmələ gəlib. Buna baxmayaraq, bəzi cəsarətli sürücülər dolama yoldan istifadə etməmək üçün risk edərək həmin körpüdən keçirlər. Ən təəccüblüsü isə odur ki, körpü nə təmir olunub, nə də tamamilə bağlanıb. Körpü dörd yerdən zədələnib, o qədər aşağı çöküb ki, alt hissəsi artıq çayın suyuna toxunur. Turistlər üçün vəziyyət daha da təhlükəlidir. Körpüyə hər iki istiqamətdən yaxınlaşarkən ilk baxışda normal görünür və qarşısında heç bir xəbərdarlıq nişanı yoxdur. Buna görə də sürücülər onun təhlükəli vəziyyətdə olduğunu yalnız yolun təxminən yarısını keçdikdən sonra anlayırlar. Problemi daha da böyüdən məqamlardan biri odur ki, Google Maps tətbiqində körpü hələ də istifadəyə yararlı kimi görünür. Bu səbəbdən bir çox turist marşrutunu həmin körpü üzərindən planlaşdırır. Yayılan videoda bəzi sürücülərin təhlükəli körpüdən son dərəcə ehtiyatla keçdiyi görünür. Lakin mütəxəssislər hesab edirlər ki, körpünün tamamilə uçması yalnız zaman məsələsidir və növbəti avtomobil sonuncu ola bilər.