Könüllü köçün arxasındakı şok yalan - Azərbaycana qarşı böyük “proksi” savaşı

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin dünən Qafanda olub. Bu barədə səfirliyin Facebook səhifəsində paylaşılan məlumatda deyilir ki, səfər zamanı diplomat Qarabağdan köçən ermənilərlə görüşüb, onlarla söhbət edib. Səfirlik Paşinyan hökumətinin “köçkünlərin” yaşayış yeri tapmaları və Ermənistana uyğunlaşmalarına kömək etmək səylərini dəstəklədiyini açıqlayıb.

Əlbəttə, Birləşmiş Ştatların ermənilərə lütfkarlığı təzə məsələ sayılmaz. Elə Kuinin təmsil elədiyi hökumətin başçısı – prezident Co Bayden saxta “erməni soyqırımı”nı rəsmən tanıyan yeganə Ağ Ev rəhbəri kimi tarixə düşüb. Biz ABŞ-ın Qarabağdakı oyuncaq-kriminal rejimə illərdir maliyyə köməyi eləməsini və zaman-zaman xuntaçılara vizalar verib Konqresdə görüşlər keçirməyə, Azərbaycana hürməyə şərait yaratmasını da unutmamışıq. Postsovet məkanının digər heç bir ölkənin suverenliyi və ərazi bütövlüyünə bunca heyrətamiz və həyasız sayğısızlıq sərgilənməyib.

Göründüyü kimi, “ikili standart” siyasəti hazırda qismən fərqli qiyafədə davam etdirilir.

Söz düşmüşkən, nəsə yadımıza gəlmir ki, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində və ondan sonra, nə vaxt ki, Azərbaycanda 1 milyon qaçqın-köçkün var idi, ABŞ-ın Bakıdakı səfirləri (1992-ci ildən fəaliyyətdədir) didərgin soydaşlarımıza baş çəksinlər, onların qayğıları, dərdləri ilə maraqlansınlar, maddi kömək vəd eləsinlər. Əksinə, biz xalqımıza qarşı təcavüz və etnik təmiz dövründə Birləşmiş Ştatların, Konqresin Ermənistana yox, Azərbaycana sanksiya tətbiq eləməsinin şahidi olduq (İki ildir Vaşinqton Azərbaycana heç səfir də göndərmir, İrəvandakını isə səlahiyyəti bitən kimi dəyişdirib). Eləcə də Avropadan səs çıxmadı. Hansı ki, iki aydır “etnik təmizləmə” deyib yaxa cırır...

Bu yerdə analitik Aleksandr Rzuvayev tam haqlıdır deyəndə ki, Qərb müsəlman dünyasını, türkləri sevmir. Qardaş Türkiyənin on illərdir Avropa Birliyinin qapısı ağzında gözlədilməsinin, saxta erməni “genosidi”nin yalnız bir qrup – 27 xristian ölkə tərəfindən tanınmasının əsas səbəbi bu: Türkə nifrət, ksenofobiya, islamofobiya. İndi də Qərbdə Azərbaycana qarşı “etnik təmizləmə” bayatıları oxunur.

Ancaq bəd niyyətləri reallaşmayacaq. Hər halda Azərbaycan da sakit dayanmayıb və dost-müttəfiq, tərəfdaş sarıdan yalqız deyil. Öz işini görür, əks-təbliğatını və təbliğat işlərinı aparır. İnanırıq ki, enində-sonunda düz yenə əyrini kəsəcək. Necə ki, xristian dünyasının ermənilərə sarsılmaz dəstəyinə rəğmən, 30 illik işğala son qoya, Qarabağda separatizmin kökünü kəsə bildik.

Ötə yandan, Azərbaycan Prezidentinin söylədiyi kimi, 20-30 ölkə hələ beynəlxalq birlik demək deyil. Hərçənd ÜDM-yə görə böyük güc sayılır. Üstəgəl, XX əsrin əvvəllərindən fərqli olaraq, sürətli internet əsrində yaşayırıq. Artıq barmaqdan sovrulmuş feyk-faktları bəşəriyyətə həqiqət kimi qəbul etdirmək faktiki mümkünsüzdür. Hər şey ortada, masada.

Odur ki, erməni xristian həmrəyliyinə çox arxayın olmasın. Hərgah, əgər biri gerçəyi qoyub erməni yalanına inanmağa vərdişkardırsa, o düzələn deyil. Ondan ədalət ummağa dəyməz...

Bu arada Ermənistanın İstintaq Komitəsi Qarabağdan könüllü getmiş ermənilərdən Azərbaycan əleyhinə saxta ifadələr yığmağa davam edir. Ermənistan XIN-in bununla bağlı yaydığı məlumatda iddia edilir ki, guya “Qarabağda etnik təmizləmə və köç zamanı 14 nəfər işgəncəyə məruz qalıb, 64 nəfər həlak olub”.

“Ermənistanın İstintaq Komitəsinin dərc etdiyi məlumata əsasən, sentyabrın 19-da təcavüz zamanı 200-dən çox insan (oxu: silahlı separatçı – Z.S.) həlak olub. Onlardan 9-u mülki şəxs, üçü uşaqdır (?! – Z.S.). 231-i hərbçi, 80-i mülki şəxs olmaqla, 300-dən çox insan yaralanıb. 14 nəfər Azərbaycan hərbçiləri tərəfindən işgəncələrə məruz qalıb, 64 nəfər Artsaxdan Ermənistana gedən yolda həlak olub. Məlumatlar 30 oktyabr tarixinə yenilənib və ilkindir”, - məlumatda qeyd edilir.

Yəni erməni saxtakarlığının “davamı” gələcək. Bir azdan meyitlərin “balaladığını” eşitsəniz, təəccüblənməyin. Əgər xroniki xəstəlikdən, qripdən, sifilisdən, xərçəngdən ölənləri, ümumiyyətlə əcəli ilə gəbərənləri də ayağımıza yazmağa başlayıblarsa, demək ki, var gücləri ilə 1915-in böyük yalanını təkrarlamağa girişiblər. Azərbaycana qarşı yeni proksi müharibə güclənib.../musavat.com