Kamboca Tailanda raket zərbələri endirdi: ÖLƏNLƏR VAR - VİDEO / YENİLƏNİB-1

Kambocadan endirilən raket zərbələri zamanı Tailandda bir hərbçi və 11 mülki şəxs həlak olub.

Bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə krallığın səhiyyə naziri Somsak Thepsuthin bildirib.

Onun sözlərinə görə, bir sıra mülki obyektlərə hücum edilib. O cümlədən, beş xəstəxananın yerləşdiyi yerlərə zərbələr endirilib.

Tailand Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Kambocanı sərhəd bölgələrində beynəlxalq hüququ pozan qanunsuz hərəkətləri dayandırmağa çağırıblar.

Tailand Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri sərhəddəki gərginliyin artması ilə əlaqədar Kamboca ordusunun mövqelərini bombalayıb.

Bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.

Belə ki, saat 11:30-da (Bakı vaxtı ilə 08:30 - red.) Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları Preaxvixea əyalətindəki mübahisəli sərhəd zonası boyunca Kambocaya məxsus hərbi mövqelərə zərbələr endirib.

Məlumatda qeyd olunur ki, toqquşmalar səhər saat 7:30-də (Bakı vaxtı ilə 04:30 - red.) Oddar-Miençey vilayətində mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.

Yerli sakinlər şiddətli atışma və partlayış səsləri eşitdiklərini bildiriblər ki, bu da hər iki tərəfin ağır silahlardan istifadə edə biləcəyini göstərir.

Kamboca və Tailand arasındakı mübahisəli sərhəddə silahlı toqquşma baş verib.

Bu barədə "Reuters" agentliyi hər iki tərəfin hərbi qüvvələrinə istinadən məlumat yayıb.

"Tailand və Kamboca arasında silahlı toqquşmalar səhər tezdən başlayıb", - nəşrdə qeyd olunur.

Eyni zamanda, agentliyin məlumatına görə, hər iki tərəfin hərbi qüvvələri bir-birini ilk atəşi açmaqda ittiham ediblər.

Tailand hərbçilərinin bəyanatına əsasən, Kamboca mübahisəli ərazidə yerləşən Ta Moan Thom məbədi yaxınlığında atəş açıb. Tailand tərəfi iddia edir ki, Kamboca hərbçiləri kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatı (PUA) istifadə edib, daha sonra isə guya ağır silahlarla bu əraziyə qoşun göndərmək niyyətində olub.

Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi "Reuters"ə bildirib ki, krallığın Silahlı Qüvvələri özünümüdafiə məqsədilə cavab verib./oxu.az