“Hazırda Naxçıvanda vəziyyət normaldır. Muxtar respublikada bütün mümkün varinat və vəziyyətlərə qarşı lazımi tədbirlər görülüb”.
Stopnarkotik.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev deyib.
O, İranın Naxçıvana dron hücumunu sərt formada qınayıb.
“İranın bu addımı birmənalı olaraq şərəfsizlikdir. Tehran bununla öz simasını ortaya qoydu”, - Elşad Əliyev vurğulayıb.
Hökumət rəsmisi bildirib ki, hazırda Naxçıvanda ciddi gərginlik, problem yoxdur:
Baş nazirin birinci müavini hadisə lə bağlı çoxlu saxta xəbərlər yayıldığını diqqətə çatdırıb, bunlara inanmamağa, rəsmi qurumların açıqlamalarına etibar etməyə çağırıb:
“Belə xəbərlər sadəcə əhali arasında panika yaratmaq üçündür. Naxçıvan camaatı heç bir təxribatdan çəkinmir, qorxmur”.
Elşad Əliyev qeyd edib ki, Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinin İranla sərhədə doğru hərəkət etməsi xəbəri də dezinformasiyadır:
“Ordunun sərhəddə doğru hərəkəti ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb.