“Azərbaycanda narkokaniya qəsdən yayılır... Bu məmurlar düşmənlərimizin göstərişlərini yerinə yetirirlər...”
“Azərbaycanda genefondumuzu məhv etmək, insanların mübarizə qabiliyyətini aşağı salmaq üçün narkomaniyanı yayırlar”
Narkomaniyanın Azərbaycan cəmiyyətinə vurduğu həm maddi, həm də mənəvi zərər çox böyükdür. Nə qədər ki, bu məsələ öz həllini tapmayıb, heç kim, heç bir ailə bundan sığortalanmayıb. Bəs, ölkəmizə narkotik daşınmasının və narkomaniyanın qarşısını almaq niyə mümkün olmur? Stopnarkotik.az bu suala hərbi həkim, ekspert Habil Şirinovla söhbətimizdə cavab axtarıb.
- Habil bəy, son dönəmlər Azərbaycanda narkotik dövriyyəsinin həcmi dəfələrlə artıb. Belə açıqlamalar var ki, ölkəmizə narkotikin 95 faizi İrandan daxil olur. Sizcə, bunun qarşısını kəsmək nə üçün mümkün olmur?
-Ümumiyyətlə, insanlar yaranandan bəri, təbii yolla bunu istifadə ediblər. Hətta dünya siviizasiyasında insanlar mədəniləşəndə - quldarlıq dövrü, feodalizmdən üzü bəri narkotikdən istifadə olunub. Bundan sonra da olunacaq. Bu gün xarici ölkələrin çoxunda dərmanların tərkibinə müəyyən dozalarda narkotik maddələr qatılır. Hətta bu müalicəvi təsir edir. Dünyada iş adamları, dövlət başçıları, zəngin insanlar narkotikin təmizlənmiş formasından istifadə edirlər, bunun orqanizmə ziyanı yoxdur. Yaxşı olar ki, dünyada farmokoloji firmalar insan orqanizminə pis təsir göstərməyən, insanı asılı vəziyyətə salmayan dozalarda dərmanların tərkibinə qatsınlar. Necə ki, adamın başı ağrıyanda başağrı dərmanı atır. Bu şəkildə istifadə olunsa, qara yola əl atılmaz.
Nəyə görə narkomaniyaya “ağ ölüm” deyirlər? Çünki narkotacirlər öz mallarının satılması üçün insanları qəsdən narkotiklərə öyrədirlər. Deyirlər ki, bu İrandan gəlir. Bəli, belə götürsək İran Azərbaycana narkotiklə böyük ziyan vurdu. Bir var ki, güllə ilə öldürə, bir də var “pambıqla baş kəsə”. Aydın məsələdir ki, burada İranın öz adamları var, narkotacirlər var. Təxmin etmək olar ki, bu adamlar bütün orqanlarda kök salıblar, buna görə onlara təsir etmək qeyri-mümkündür. Həbs olunanlar kimlərdir ki? Ortada olan bariqalardır. Bariqaları istifadə edib, atırlar.
Narkomaniyanın qarşısını almağın bir yolu odur ki, bu, leqallaşdırmalıdırlar. Səhiyyə Nazirliyi, Dünya Səhiyyə Təşkilatı konsepsiya hazırlamalıdırlar. Narkoticarətin qarısını almaq qeyri-mümkündür. Necə ki, döyüş meydanına mina döşəyirlər, döyüşçülər o minalanmış sahəyə girirlər, narkoticarətlə məşğul olanlar da həyatlarına son verib bu oyuna giriblər. Ona görə çıxış yolu odur ki, insan həyatına mənfi təsir göstərməyən, öyrəşdirməyən həddə dozalar leqallaşdırılmalıdır.
Bu gün bizim düşmənlərimizin də əlinə geniş fürsət düşüb. Azərbaycanda vəziyyət çox gərgindir. Erməni düşmənçiliyi bir tərəfdən, İranın molla rejimi bir tərəfdən. Onlar istəmir ki, Azərbaycan xalqının beyni yaxşı işləsin, birləşib öz gələcəyini özü həll etsin. Bu baxımdan Azərbaycanda narkotikləri daha geniş yayırlar. Buna görə, Azərbaycan xalqının hər bir fərdi, hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdırlar. İnsanlar qorxmadan, açıq şəkildə hüquq-mühafizə orqanlarına göstərməlidirlər ki, bax, mənim bu qızımı, yaxud oğlumu narkotikə cəlb ediblər. Heç olmasa, beləliklə, biz bu prosesin qarşısını 30-40 faiz ala bilərik.
-Müxtəlif dövlətlər öz ərazisinə narkotik axnının qarşısını almaq üçün fərqli üsullara əl atırlar. Bəziləri sərhəddə keçilməz hasar çəkir, bəziləri sərhəd xəttinə elektrik enerjisi ötürür, o cümlədən sərhədboyu ərazilər kameralarla 24 saat nəzarətdə saxlanılır, sərhəd keçid məntəqləri müasir avadanlıqlarla təchiz olunur və s. Sizcə, Azərbaycan İrandan ölkəmzə daxil olan narkotik axınının qarşısını hansı yollarla almaldır?
- Səmimi danışaq, bu, mümkündür. Deyir “avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Mən konkret kimi isə günahlandıra bilmərəm. Bəzən bir müəssisədə idarə müdiri yerində olur, amma orada da oğurluq baş alıb gedir. Kiçik mafiyalar var. Mən deyə bilmərəm ki, ölkə başçısı günahkardır. Yanındakı günahkardır. Amma bir şey bilirəm ki, bunun qarşısını almaq olar. Qismən. Necə ki, ABŞ bunun qarşısını qismən alıb. Bunu etsələr belə, narkotiklər suyun altıyla gələcək, yerin altıyla lağım atıb gətirəcəklər, hava yoluyla gələcək. İndi PUA-lar da var, PUA-larla gətirəcəklər. Yenə deyirəm, hansı tədbir görülür-görülsün, narkotacirlər öz işlərini edəcəklər. Qarabağın meşələrində 30 il ermənilər narkotik əkdilər. 1992-ci ilin avqustunda biz Ağdərəni alanda mən hərbi hissənin həkimiydim. Baxdım ki, əsgərlərin ciblərində qurudulmuş marixuana var. Sən demə ermənilər meşələrdə hektarlarla narkotik əkiblərmiş. General-mayor Rzayev bizim briqada komandiri idi. Ona yaxınlaşıb dedim ki, cənab general, belə bir iş var. Döyüş gedən yerlər idi. O zaman əkilənləri qırıb-qurtarmaq, yandırmaq olmazdı. İrəvanın da dolanışığı Qarabadakı narkoplantasiyalardan idi. Onlar bu yolla milyardlar qazandılar. Zavodlar tikdilər. Qarabağ bunlara nə üçün lazım idi? Narkoticarət üçün. Narkotik əkilirdi, buradan da yayılırdı. İndi orada vəziyyət necədir, bilmirəm, hazırda bu davam edir, ya etmir, amma əgər ortada mafiya varsa, mafiya ölməzdir. Mafiya üzvləri ölə bilər, amma mafiya ölməzdir. Bu günki vaxtda da hər ölkədə narkotik əkilir, becərlir. Mübarizə üçün dövlət proqramı olmalıdır, məsələyə kompleks yanaşılmalıdır. Narkotiklərlə mübarizə idarələrinin də işi məlumat verməkdir. Bunun nə xeyri var ki?! Profilaktik tədbirlər aparılmır. Çıxış yolu odur ki, farmokolji zavodlar bunu dərmanların tərkibinə qatsınlar. Bu ən yaxşı ağrıkəsicidir. Ailələr, məktəblər bu mübarizəyə qoşulmalıdırlar. Onlar öz uşaqlarını narkotiklərdən uzaqlaşdıra bilərlər. Bu, mənim bir həkim kimi, vətəndaş kimi, insan kimi fikrimdir. Mən eşidəndə ki, kiminsə övladı narkomandır, fikirdən yata bilmirəm. Əfsuslar olsun ki, məktəblərdə narkomaniyanın cənginə düşən on minlərlə uşaq var, “patı” onların evini yıxır. Bundan gələn gəlirlə dolanan insanlar insan deyil.
- Bəzi informasiyalara görə, həbsxanalarda hər üç məhbusdan ikisi məhz narkotik ittihamı əsasında cəza çəkir. Ən dəhşətlisi isə odur ki, narkotik dövriyəsinin önəmli hissəsinin elə cəzaçəkmə müəssisələrində həyata keçirildiyi haqda iddialar var. Belə bir vəziyyətdə biz narkotiklərə qarşı necə mübarizə apara bilərik?
-Mən dəqiq blimirəm ki, bu işləri kimlər törədir, amma ümumiyyətlə bu hal var. O ata, o ana ki, ailəsi üçün bu yolla pul qazanır, onun övladı bu bəlaya düçar olur. Öz uşaqlarını da düşünmürlər. Ən çox varlıların uşaqları bu tələyə düşür.
-Habil bəy, bu aydındır. Amma həbsxana qapalı məkandır. “Yuxarı”dan şərait yaradılmasa, qapalı məkanda narkotik dövriyyəsi necə aparıla bilər?
-Bunu həmin cəzaçəkmə müəssisəsinin rəhbərindən tutmuş, cavabdeh şəxslərə kimi hamısına sual vermək lazımdır. Bu işdə onların hamısının əli var. Onların “mənim əlim yoxdur” deməyi ilə deyil. Onların əli var ki, bu proses gedir. Orada da narkotik keçirənləri tutur, həbs edirlər.
-Bəs, sizcə, həbsxanada profilaktika işini aparmaq olarmı?
-Belə insanları müalicə etmək olar. İnsan orqanizminə mənfi təsir göstərməyən, dozaları zəiflədilmiş, aludəçilik yaratmayan həddə qədər maddə onlara vermək olar. Bu dünyada da belə edilir. Onlarda satışda var. Tibbi cəhətdən təmizlənmiş, insan orqanizminə mənfi təsir göstərməyən zəif narkotik vermək olar. Bunlar aludəçilik yaratmır. Tutaq ki, üstümüzdə cərrahiyə əməliyyatı aparlır. Bu məqamda adama narkoz vurulur. Tramodol, morfi kimi-bunlar “A” qrupuna aid narkotiklərdir. Bu o demək deyil ki, narkotiklərə öyrəşirik. Tramadol satılır, amma onu tərkibindəki narkotik güclü deyil. Tərkibindəki narkotikin miqdarını azaltmaqla narkomanların asılılığını azaltmaq olar. Bunu farmokoloqlar daha yaxşı bilir. Amma bu narkotacirlərə sərf etmir. Dünya bazarında kiloqramı 500 min manata satılan heroini zəngin insanlar alır. Amma burada onu qramla alırlar, suyla qatıb qaynadırlar, sonra bir şprislə 5 nəfər onu özünə vurur. Bütün xəstəliklərə tutulurlar. Narkotikin zəhəri qaraciyərdə toplanır, gənc insanlar qaraciyər sirrozundan vəfat edirlər.
Azərbaycanda isə bu qəsdən edilir-genefondumuzu məhv etmək, insanların mübarizə qabiliyyətini aşağı salmaq üçün. Narkotiklərə düçar olanda bioloji mübarizə edə bilmirsən. Haqsızlığa qarşı qalxa bilmirsən. Bunları edən məmurlar Azərbaycanın, türk dünyasının düşmənlərinin göstərişlərini yerinə yetirirlər. Mənim gözümün qarşısında oğlumu, nəvəmi yoldan çıxaranı cismani məhv edərəm ki, qoy başqalarına dərs olsun. Bu sivil yol deyil, amma mən özüm barəsində deyirəm. Sənin nəvəni məhv edir, bir ayağın burdadır, bir ayağın gorda, amma sən gedib öz haqqını tələb edə bilmirsən ki, ay prokuror, bu mənim nəvəmi narkoman edib.
Hüquq-mühafizə orqanlarının içində də mafiyalar var. Onlar hər şeyə təsir edə bilirlər. Mən demirəm ki, bu filankəsdir. Amma deyirəm ki, var. Çox adam puldan imtina edə bilmir. Kim puldan imtian edirsə o yaxşı yaşaya bilmir. Mən deyirəm ki, polis, məhkəmə orqanlarında, prokuraturada narkomafiya fəaliyyət göstərir. Ver məni məhkəməyə. Ona görə də hamıya bir gözlə baxılmalı, qanun hamıya eyni tətbiq olunmalıdır.
Bu məsələlər hamını narahat edir. Çox adam övladlarıyla məşğul olmasa narkomaniya yüz faiz də artar. Əhalinin sayı artmır. Evliliklər azdır. Fahişəlik baş alıb gedir. Çox bəlalar narkomaniyadan qaynaqlanır.
Stopnarkotik.az