Çin və ABŞ arasında soyuq müharibə illərini xatırladan yeni bir gərginlik yaranıb.
Amerikanın “Wall Street Journal” nəşri Pekinin Kubada kəşfiyyat bazası qurmağı planlaşdırdığını və ABŞ-ı oradan qabaqcıl vasitələrlə izləyəcəyini iddia edib. Nəşr iqtisadi sıxıntılar yaşayan Havana rəhbərliyinin nağd pul müqabilində elektron müşahidə obyektinin yaradılmasına icazə verdiyini yazıb.
ABŞ-ın Florida ştatının sahillərindən 160 km aralıda yerləşdiriləcək Çin obyektinin bütün Amerikanın cənub zolağına nəzarət edə biləcəyi iddia edilib.
Müqavilə Kubanın 1962-ci ildə Sovet İttifaqına adada nüvə raketlərinin yerləşdirilməsi üçün verdiyi icazəni xatırladıb.
Sovetlər və ABŞ-ı qaynar toqquşma həddinə çatdıran, "Kuba raket böhranı" kimi tarixə düşən hadisələr silsiləsi çərçivəsində Amerikanın Yupiter raketləri Moskvaya qarşı Türkiyəyə yerləşdirilmişdi.
Pentaqonun sözçüsü Patrik Rayder isə xəbəri təkzib edib:
"Bizim belə bir inkişafdan xəbərimiz yoxdur".
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də qəzetin iddiasını təkzib edib, Ağ Evin Pekin-Havana əlaqələri ilə bağlı “ciddi narahatlığı” olduğunu da əlavə edib./musavat.com