Həyat yoldaşı tərk etdiyi üçün özünü yandıran Bəylərlə bağlı YENİ DETALLAR

Ötən gün Xəzər rayonunun Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Bəylər Xanlar oğlu Babayevin qayınatasının həyətində üzərinə benzin tökərək özünü yandırması və həyatına son qoyması ilə bağlı məlumat vermişdik. Hadisənin yeni detalları məlum olub.

Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, mərhumun atası Xanlar Babayev hadisə ilə bağlı açıqlamasında oğlunun həyat yoldaşı Aysel Sübhanova tərəfindən şantaj edildiyini iddia edib. Onun sözlərinə görə, hadisə günü oğluna zəng etsə də, Bəylər yerini deməyib, yalnız qardaşına dəniz kənarında olduğunu bildirib:

“Mən onun yanına yaxınlaşmaq istədim, amma uzaqdan dedi ki, gəlmə. Əlində benzin var idi. Uşaqlar da maşında idi. Onları birtəhər avtomobildən götürdük. Sonra o, qaynatasının evinə getdi. Orada nə baş verdiyini bilmirəm. Daha sonra həmin həyətdə, maşının içində özünü yandırıb. Bu zaman əli və üzü yanmışdı. Oğlum elə maşındaca dünyasını dəyişib”.

Xanlar Babayev iddia edir ki, Aysel Sübhanova oğlunu hədələyərək polisə şikayət edəcəyini deyirmiş:

“Aysel onu şantaj edirdi, deyirdi ki, 102-yə şikayət edəcək. Amma nə ilə şantaj etdiyini bilmirəm”.

Mərhumun atasının sözlərinə görə, Aysel Sübhanova üç il əvvəl ailəni tərk edib:

“Gəlinim oğlumu və uşaqları evdə qoyub qaçmışdı. Sonradan tapıldı, amma mən onu qəbul etmədim. Bundan sonra bizim evə gəlmədi. Oğlumla 7–8 ay kirayədə yaşadılar. Daha sonra oradan da qaçdı”.

Aysel Sübhanova isə bu iddiaları rədd edib. O bildirib ki, mərhum əri tərəfindən dəfələrlə öldürülməyə cəhd göstərilib və bu səbəbdən 12 dəfə hüquq-mühafizə orqanlarına müraciət edib:

“Dünən Bəylər mənə mesaj yazaraq "peşman olacaqsan, gör səni necə peşman edirəm" dedi. Daha sonra zəng etdi, mən isə onu blokladım. Köhnə sevgilisinin nömrəsi ilə mənə mesajlar göndərirdi. Mən onunla düşmən olmamışam. Atası isə mənə qarşı həmişə düşmən münasibəti göstərib”.

Məlumatlara görə, hadisədən əvvəl B. Babayev şəxsi avtomobili ilə üç azyaşlı övladı ilə birlikdə qayınatasının evinə gəlib, həyat yoldaşına video ismarıclar göndərərək onunla əlaqə saxlamasını tələb edib. Qadın zəng etmədikdən sonra o, üzərinə benzin tökərək özünü yandırıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.