Hüquqşünas taksi sürücüsünü qətlə yetirdi - Bakıdakı dəhşətli cinayətin təfərrüatı / FOTOLAR

2003-cü il dekabrın 29-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsindəki 17 saylı evin qarşısında avtomobilin arxa oturacağında kişi meyiti aşkar olunub.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Meyitin 1954-cü il təvəllüdlü Ramiz Əmirova məxsus olması müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi və tibbi-kriminalistik ekspertizasının rəyinə görə, Ramiz Əmirovun ölümünə - boyun üzvlərinin yumşaq əşya ilə sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya səbəb olub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) ağır cinayətlə bağlı yaydığı birgə məlumatda bildirilib ki, 2003-cü il dekabrın 29-da Ramiz Əmirovun qətlə yetirilməsi faktı ilə bağlı Suraxanı Rayon Prokurorluğunda istintaq aparılsa da, cinayəti törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Narkotik vasitələrin satışında ittiham olunan Bəxtiyar Dadaşovun ətrafında keçirilmiş istintaq hərəkətləri nəticəsində, onun sözügedən ölüm hadisəsində iştirak etməsi müəyyən edilib. Cinayətin digər iştirakçısı İlham Məmmədovun vəfat etməsi səbəbindən, barəsində cinayət işinə xitam verilib.

Bəxtiyar Dadaşov 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin (CM) 181-ci (quldurluq) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya saxlama) maddələri ilə doqquz il, Suraxanı Rayon Məhkəməsinin 2012-ci və 2016-cı il tarixli hökmləri ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə ümumilikdə dörd il doqquz ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər Rayon Məhkəməsinin 2017-ci il tarixli qərarı ilə cəzadan, vaxtından əvvəl şərti azad olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Bəxtiyar Dadaşov dostluq münasibətində olduğu İlham Məmmədovla birlikdə 2003-cü il dekabrın 29-u gecə saat bir radələrində Səbail rayonu, “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən, pulları az olduğu üçün istənilən taksi sürücüsünə zor tətbiq edib, pulunu ələ keçirmək qərarına gəliblər. İstiqlaliyyət küçəsində yerləşən “Nizami” muzeyinin yaxınlığında müştəri gözləyən Ramiz Əmirova yaxınlaşıb, köhnə pul vahidi ilə 20 000 manat müqabilində onları əvvəlcə Bülbül prospektində yerləşən bara, oradan isə Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar. Qəsəbənin işıqlandırılmayan küçələrindən birinə çatdıqdan sonra, sürücüdən avtomobili saxlamasını tələb ediblər. 

Onlar taksi sürücüsünə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər, üzərində olan 40 000 manat məbləğində pulunu ələ keçiriblər. Sonraisə Bəxtiyar Dadaşov Ramiz Əmirovun əllərini tutub, İlham Məmmədov isə sağ əli ilə başını oturacağa sıxaraq, onu boğub. Bu hərəkəti ilə onlar zərərçəkmişi öldürüblər.

Bundan başqa, 2021-ci il avqustun 17-də Bəxtiyar Dadaşov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 saylı evin yaxınlığında saxlanılıb. İdarədə keçirilən şəxsi axtarış zamanı, idman şalvarının sağ cibindən iki qramdan artıq çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib. 

İş üzrə dindirilmiş Bəxtiyar Dadaşov bildirib ki, uşaqlıqdan Əmircan qəsəbəsində yaşayıb. 1997-ci ildə valideynləri ilə birlikdə Hövsan qəsəbəsinə köçüblər. Əmircandakı evlərini kirayə veriblər:

“1996-2000-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil almışam. 2002-ci ildə hərbi xidmətə getmişəm. Əmircanda yaşayan İlham Məmmədovla uşaqlıqdan dostuq. O, “Sovetski” adlanan ərazidə avtomobil təmiri sexində işləyirdi. 2003-cü il dekabrın 28-də restoranların birində yeyib-içdik. Tanışım Leranın rəfiqəsi kimi tanıdığımız Nərgiz Əlizadə də yanımıza gələrək, bir qədər bizimlə oturdu. Lera sərxoş olduğuna görə İlham onunla intim əlaqədə olmaq istəmədi. Restorandan çıxandan sonra Lera piyada öz evinə getdi, Nərgiz isə bizdən xahiş etdi ki, onu barın qarşısında düşürtdək. İlham taksilərə yaxınlaşdı və sonra mən və Nərgizə tərəf çönüb yanına çağırdı. “QAZ-24” markalı avtomobildə, mən sürücünün yanında, İlhamla Nargiz arxada oturdular. Barın qarşısında Nərgiz düşdü, biz isə Əmircana yollandıq. Qəsəbə bizim doğulduğumuz yer olduğuna, ərazini yaxşı tanıdığımıza görə sürücüdən məqsədli şəkildə ora sürməsini xahiş etdik. Əmircanın girişində İlham arxadan sürücüyə sol tərəflə hərəkət etməsini dedi. Dar küçəyə dönəndə sürücü narazılıq edərək, heç nə görmədiyini bildirdi. Bu zaman İlham arxadan kişinin boynuna əlini atıb onu özünə tərəf dartdı. Mən də sürücünün əllərindən tutdum ki, siqnal verib, səs-küy salmasın. Güc tətbiq edərək, kişini məcbur etdik ki, maşını saxlasın. İlham düşüb sürücünü arxa oturacağa keçirtdi və özü avtomobili idarə etdi.

Maşının saxlanc yerinə baxsam da, orada dəyərli heç nə tapmadım. İlham arxaya çevrilib “üzərində nə var bizə ver” deyəndə, sürücü qorxusundan cibində olan pulunu çıxarıb, ona uzatdı. Sonra İlham maşını saxladı və kişinin telefonunu götürüb, ondan evdə pulu olub-olmadığını soruşdu. Sürücü “5-10 manat olmalıdır” söyləyəndə, İlham telefonu ona verərək, evinə zəng etməsini dedi. Cavab verən bir qadından “Ramizin evdə olub-olmadığını?” soruşdu. Qadın “yoxdur, kimdir soruşan?” deyib, sual verdikdə, özünü “İxtiyar” kimi təqdim etdi. Sonra mən arxa oturacaqda, sürücünün yanında əyləşdim. İlham isə telefonu götürüb, maşından üç-dörd metr aralıda, kişinin arvadı ilə danışmağa başladı. O, qadından 500 dollar pul istədi. İlham geri qayıtdı və maşını idarə etməyə başladı. Həmin yerdən bir qədər uzaqlaşandan sonra, avtomobilin mühərriki nasazlıq səbəbindən söndü. İlham sürücünü göstərib, mənə “kişi bizim üzümüzü görüb, bunu öldürək, yoxsa başımıza iş gələcək” dedi. Müqavimət göstərməməsi üçün onun əllərini tutdum, İlham isə kişinin üstünə çıxıb sağ əli ilə onu boğmağa başladı. Həmin an sürücü üzüyuxarı vəziyyətdə idi. Evlərdən birində yanan işıq, küçəyə düşdüyündən qorxdum. Buna görə də, maşından düşüb hadisə yerindən uzaqlaşdım. Əvvəl Suraxanıya, ordan taksi ilə Hövsana getdim. Bu hadisədən sonra İlhamla üç-dörd dəfə görüşdüm. 2004-cü ilin martında Əmircanda qonşum olmuş Əlihüseyn Əlihüseynovla birlikdə quldurluq cinayəti törətdiyimə görə tutularaq, məhkəmənin hökmü ilə doqqul il müddətinə azadlıqdan məhrum olunmuşam”.

Bəxtiyar Dadaşov 

Zərərçəkmiş şəxsin hüquqi varisi Aybəniz Əmirova ifadəsində göstərib ki, 1980-ci ildə Ramiz Əmirovla ailə həyatı qurub, nikahdan iki övladları dünyaya gəlib: 

“2000-ci ildən Yeni Günəşli qəsəbəsində yaşayırdıq. Ramiz həmişə sürücü işləyirdi. Ölümündən bir il əvvəl bir nəfərdən avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olaraq, pul qazanırdı. 2003-cü il dekabrın 28-də günorta yoldaşım məni və qızımı qardaşı Şahların evinə apardı, özü isə işləməyə getdi. Gecə saat iki radələrində zəng vuran şəxs məndən Ramizin evdə olub-olmadığını? soruşanda, yoldaşımın evdə olmadığını söyləyərək, ondan adını soruşdum. Həmin şəxs də “xanım, İxtiyardır” deyə cavab verdikdən sonra, telefonu söndürdü. 15-20 dəqiqədən sonra yenidən ev telefonuma zəng gəldi. Dəstəyi qaldıran kimi yavaş səslə danışan şəxs hədə-qorxu gəldi. Dərhal ev telefonundan Ramizin mobil nömrəsinə zəng etdikdə, yenə həmin şəxs cavab verdi. Daha sonra dəfələrlə ərimə məxsus mobil nömrəyə zəng etsəm də, cavab verən olmadı.

Bakı şəhər Baş Polis İdarəsinə, sonra isə 33-cü polis bölməsinə zəng vurub, yoldaşımın naməlum şəxslər tərərfindən oğurlandığını bildirdim. Qardaşıma bu barədə məlumat verdim. Ramiz şəkər xəstəsi olduğuna görə maşınında həmişə iynəsi və dərmanı olurdu. Siqaret çəksə də, heç vaxt kötüyünü maşının salonuna atmazdı. Hadisə günü mənimlə danışan şəxslərdən birinin səsi gur, ikincisinin isə xırıltılı idi”.

Təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi Sadiq Məmmədov ifadəsində göstərib ki, doğma qardaşı 1976-cı il təvəllüdlü İlham Məmmədov 2012-ci ildə, yaşadığı evdə kokainlə zəhərlənmə diaqnozu ilə dünyasını dəyişib:

“Bəxtiyar Dadaşovu uşaq vaxtlarımdan tanıyırdım, davaya meyilli idi. 2003-cü il dekabrın 29-na keçən gecə Ramiz Əmirovun Əmircan qəsəbəsində öldürülməsi xəbərini istintaq orqanına çağırılandan sonra bilmişəm. İlhamın Bəxtiyarla birlikdə belə bir cinayət törətməsindən məlumatım yoxdur. Həmin gün İlhamın evdən nə zaman çıxıb-qayıtması, hara getməsi və kiminlə görüşməsi barədə fikirləşsəm də, xatırlaya bilmirəm”.

Şahid Vaqif Məhərrəmov ifadəsində göstərib ki, o da taksi fəaliyyəti ilə məşğul olub:

“2003-cü il dekabrın 29-u gecəyarısında Ramiz Əmirova yaxınlaşan bir nəfər barın yanından keçməklə, Əmircan qəsəbəsinə neçəyə aparacağını soruşdu. Gediş haqqı olaraq 20 000 manata razılaşdılar. Ramizin maşınına iki kişi və bir qadın əyləşdi. Qabaqda təxminən 30 yaşlı, arıq sifət quruluşlu oğlan əyləşmişdi, əynində qara rəngli gödəkçə var idi”.

Məhkəmə hesab edib ki, cinayət 2003-cü ildə baş verdiyindən, təqsirləndirilən şəxs həmin vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. 

Məhkəmə qənaətə gəlib ki, Bəxtiyar Dadaşovun Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Bəxtiyar Dadaşov yeddi il üç ay müddətinə azadlıqdan məhrum olunub.