Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi tərəfindən keçiriləcək tədbir zamanı Gürcüstandakı gənc soydaşlarımız, Axısxalı gənclər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gələcək.
Stopnarkotik.az xəbər verir ki, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işık keçiriləcək forum haqqında məlumat verib.
Mövlud Işıkın sözlərinə görə, Gənclər Forumunda Gürcüstanda fəaliyyət göstərən icmaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbə təmsilçiləri, mövzu ilə bağlı ekspertlərin iştirakı ilə gənclər arasında qarşılıqlı anlaşma, universitet gənclərinin mədəni inteqrasiyası, multikulturalizm mühiti və gənclər arasında mədəni əməkdaşlıq mövzusu müxtəlif aspektlərdə araşdırılaraq gələcəkdə birgə həyata keçiriləcək proqramlar, layihələr müzakirə olunacaqdır.
Mövlud Işık qeyd edib ki, Forum çərçivəsində Gürcüstandakı tələbə gənclərin iştirakı ilə “Gürcüstanda multikulturalizm: Universitet gənclərinin mədəni inteqrasiyası” adlı sessiya keçiriləcək.
“Ümumi müzakirələr və qiymətləndirmələr” adlı ikinci sessiyada isə birinci sessiyada müzakirə olunan məsələlər üzrə yekun təhlillər aparılaraq Forumun Hesabatı hazırlanacaq.
Qeyd edək ki, Forum Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin və Alyans Gənclər Mərkəzinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və DATÜB Gənclər Təşkilatı Gürcüstan Təmsilçiliyinin tərəfdaşlığı ilə 2 sentyabr saat 13:00-da Alyans Gənclər Mərkəzində keçiriləcək.