Gürcüstanda son 72 saatda həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı narkotik qaçaqmalçılığı ilə əlaqədə şübhəli bilinən 108 nəfər tutulub.
Bunu ölkənin daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə açıqlayıb.
Bildirilib ki, təqsirləndirilən şəxslər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz alınması, saxlanması, satışı, satışına kömək edilməsi, eləcə də narkotik tərkibli bitkilərin becərilməsi ittihamları ilə həbs olunublar.
Məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, saxlanılanların əksəriyyəti narkotiklərin satışı üzrə təşkil olunmuş cinayətkar şəbəkənin üzvləridir. Məhkəmə qərarı əsasında hüquq-mühafizə orqanları tərəfindən bir neçə nəzarətli alış həyata keçirilib, bu proseslər gizli audio və video vasitələrlə sənədləşdirilib.
Əməliyyat çərçivəsində xaricdən gizli bağlamalar vasitəsilə göndərilən külli miqdarda narkotik maddələrin ölkə daxilində yayılmasının da qarşısı alınıb. Həmçinin polis tərəfindən İmereti və Acarıstan bölgələrində 600-dən çox nöqtədə narkotik vasitələrin yerləşdirildiyi müəyyən edilib.
Axtarışlar zamanı saxlanılan şəxslərdən külli miqdarda müxtəlif növ narkotik vasitələr – kokain, heroin, metadon, MDMA və digər psixotrop maddələr, eləcə də onların qablaşdırılması üçün avadanlıqlar, həmçinin satışdan əldə edildiyi ehtimal olunan pul vəsaitləri müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.