Ötən gün səhər saatlarında “İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.
Bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, onun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açaraq onu yaralayıb.
***
“İdrak” liseyində silahlı insident nəticəsində güllələnən müəllim Şəhla Kamilovanın atası Fəqani Kamilov danışıb.
Stopnarkotik.az xəbər verir ki, o, AzTV-yə qızının əməliyyatdan sonrakı durumu haqda məlumat verib.
“Bədənində, boynunda 16 qırma var idi. İndi yaxşıdır. Palataya köçürüləcək. Demək istəyirəm ki, bildi, bilmədi, sosial şəbəkədə nə gəldi yazırlar. Prokurorluq rəsmi açıqlama verər”, - ata bildirib.
***
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, müəllim Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.