Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun "Azərterminalkompleks" Birliyinə direktor müavini təyin etdiyi Eldar Əzizov Xalq artisti Rafiq Əzimovun oğludur.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "qaynarinfo"ya Xalq artistinin özü məlumat verib.
Aktyor bildirib ki, oğlu Eldar Əzizovun vəzifəyə təyin olunması ilə bağlı xəbəri ona həyat yoldaşı verib:
"Çox sevindim, qürurlandım. Yoldaşım məlumatı mətbuatdan oxuyub və mənə zəng edib. Eldar uşaqlıqda aktyor olmaq istəyirdi. 10-cu sinifi bitirənə qədər bu sənətlə maraqlanırdı. Amma bir gün başqa bir sahəyə meyl etdi və biz də onun həvəsini görürdük. Bu gün onun uğurlarını mətbuatdan oxuyuruq".
Qeyd edək ki, Eldar Əzimov bundan əvvəl "Azərterminalkompleks" Birliyində Xidmətlərin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.