Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur

Ermənistanda 20 il həbs cəzasına məhkum edilən azərbaycanlı əsir Hüseyn Axundovun işi ilə bağlı apellyasiya şikayəti verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "zərərçəkmiş tərəf"in vəkili Karen Alaverdyan "Pastinfo"ya məlumat verib.

H.Axundovun guya qətlə yetirdiyi iddia edilən Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin varisləri hərbçimizin ömürlük həbs olunmasını tələb edir.

“Yalnız ömürlük həbs cəzanın məqsədini, xüsusən də qabaqlayıcı cəzanı təmin edə bilər”, - vəkil iddia edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.