Elektrikli avtobus enerjisi bitdiyi üçün yolda qalıb? - VİDEO

Noyabrın 28-də və eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, "BakuBus" MMC-nin "Marşrutların idarəetmə mərkəzinə" sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir müraciət daxil olmayıb.

Stopnarkotik.az xəbər verir ki, bu məlumatı "BakuBus" MMC yayıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan videogörüntünü müşahidə kameralarında təhlil etdikdən sonra, noyabrın 28-də axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğu müəyyən edilib.

"Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılıb və avtobus marşrut xətti üzrə hərəkətinə davam edib.

Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə elektrikli avtobusun enerji ehtiyatı qurtardığı üçün sərnişinlərin yolda qalması ilə bağlı görüntülər yayımlanıb.