“Bu əməliyyatlar nəticəsində 40 minə yaxın terrorçu zərərsizləşdirilib…”
Türkiyənin keçmiş milli müdafiə naziri, Ordu generalı Hulusi Akar 2016-cı ilin 15 iyul tarixində ABŞ-dan idarə olunan FETÖ-çü xainlərin baş tutmayan dövlət çevrilişinə cəhdi ilə bağlı "Hürriyet" nəşrinə maraqlı açıqlamalar verib.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Cənab Akar, çevriliş cəhdindən əvvəl vəziyyət necə idi?
- FETÖ/PKK terror təşkilatına qarşı mübarizə xüsusilə 17-25 dekabr tarixindən sonra başladı. Müdafiə naziri olduğum müddətdə bu mübarizə institusional olaraq son dərəcə həssaslıqla aparıldı. 2016-cı ildə keçiriləcək "Avqust Şurası" üçün bütün hazırlıq işləri başa çatdırılmışdı.
- Şurada nə olacaqdı?
- Türkiyə Silahlı Qüvvələrində (TSK) yuva quran xain terror təşkilatı o Şurada böyük zərər görəcəkdi. Təyinat alanlarla, mükafatlandırılanlarla və vəzifədən azad edilənlərlə bağlı planımız hazır idi…
- Cənab nazir, həmin vaxt TSK-da qurulan bu şəbəkəni və üsyanı necə sezdiniz?
- MİT-dən kəşfiyyat məlumatı alan kimi dərhal dostlarımla görüşdüm və bu vəziyyəti çox ciddi şəkildə müzakirə etdik. Hər ehtimala qarşı əvvəlcə bütün hava məkanının bağlanmasını əmr etdim.
- Niyə məhz hava məkanı?
- Çünki MİT-ə helikopterlərlə qeyri-adi bir gediş ediləcəyi barədə məlumat verilmişdi. Bundan əlavə, bütün bölmələrə ehtiyatlı olmaqla bağlı təlimatlar göndərdik. Bu təlimatlar ən ekstremal bölmələrə çatdırıldı. Bundan əlavə, iddiaların araşdırılması, qoşunların və helikopterlərin hərəkətinə nəzarət etmək üçün həm Ankara Qarnizonu Komandirinə, həm də Quru Qoşunları Komandanının müvafiq bölmələrinə təlimat göndərdim. Bundan sonra darbeçilərə qarşı qətiyyətlə müqavimətimiz başladı.
c
- O gecə üzərinizə silah çəkilmişdi. Komandanlığınızdakı zabit sizə silah çəkir… O an nə hiss etdiniz?
- O gecə unuda bilmədiyim hadisələrdən biri də alnıma dirədikləri silah idi. Silahı tutan satqın davamlı olaraq “Otur, sakitləş, yoxsa vuraram” deyə məni hədələyirdi. Elə həmin andaca qışqırdım ki, "Vur şərəfsiz, vur!". Hərbi xidmətdə olanlar yaxşı bilirlər ki, yuxarı komandanlıqda heç bir zəiflik əlaməti olmamalıdır. Mənim və xüsusilə II Baş Qərargah rəisinin darbeçilərə qarşı sərgilədiyimiz qətiyyətli mövqedən sonra onlar psixoloji üstünlüklərini itirdilər. Bu, çevriliş cəhdini iyerarxik şəkildə dəf edən ilk hərəkat idi.
- Amma sizin hərəkət azadlığınız yox idi...
- Bəli, hərəkət azadlığım yox idi, amma bir komandan kimi, söz azadlığımı sona qədər qorudum. Bu, onların psixologiyasını pozdu, müqavimətlərini qırdı. Möhtərəm Prezidentimizin çağırışı və soylu millətimizin mübarizəsi nəticəsində Türk Silahlı Qüvvələrinin şərəfli üzvləri jandarma və polisimizlə çiyin-çiyinə dayandılar və çevriliş cəhdini dəf etdilər.
- Çevriliş cəhdi dəf edildikdən sonra nələr oldu?
- Bu iyrənc çevriliş cəhdindən sonra əvvəllər başladığımız FETÖ/PKK "təmizliyi" artan templə davam etdi. Bu çərçivədə FETÖ ilə əlaqəsi olan 20 mindən çox hərbçi ordudan kənarlaşdırıldı. 15 iyuldan sonra Türkiyə Silahlı Qüvvələri Cümhuriyyət tarixinin ən gərgin və təsirli fəaliyyətini davam etdirdi. 2016-cı ildə “Fərat Qalxanı”, 2018-ci ildə “Zeytun Budağı”, 2019-cu ildə “Sülh Pınarı”, 2020-ci ildə “Bahar Qalxanı” əməliyyatları həyata keçirilib. Eyni zamanda, İraqın şimalında "Pəncə Qılınc" əməliyyatı ilə terrorçulara ağır zərbələr endirilib. Bununla da sərhəd xəttində sonuncu sahə bağlanıb və sərhədlərimizin təhlükəsizliyi tam təmin edilib.
- Həmin müddətdə nə qədər terrorçu zərərsizləşdirilib?
- Terrorun mənbəyində məhv edilməsi strategiyası ilə həyata keçirilən bu əməliyyatlar nəticəsində 40 minə yaxın terrorçu zərərsizləşdirilib. Bu uğurun arxasında bütün təhlükəsizlik qüvvələrimizin gərgin mübarizəsi dayanır.
- FETÖ-dən təmizlənmədən sonra TSK-nı necə xarakterizə edərdiniz?
- Ordumuz FETÖ-dən təmizləndikcə güclənib. Demək istərdim ki, FETÖ ilə mübarizə dövlətimizin bütün qurum və təşkilatlarının güzəştə getmədən apardığı mübarizədir. Terror təşkilatının yerli və xarici işbirlikçiləri ilə daxildən və xaricdən olan əlaqələrini ifşa etdik. Bundan sonra da FETÖ-nün yaratmağa çalışdığı bu şəbəkənin ifşasını davam etdirəcəyik"./azpolitika.info