Dünya Çempionatında oynayan futbolçu "narkoman" çıxdı

İtaliyanın "Sassuolo" klubunun və Avstraliya millisinin yarımmüdafiəçisi Kristian Volpato ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.

Stopnarkotik.az xəbər verir ki, "The Sun" qəzetinin yaydığı məlumata əsasən, 22 yaşlı futbolçunun narkotik testinin nəticəsi müsbət olub.

Bildirilir ki, Kristian Volpato Sidneydə sürət həddini iki dəfə aşdığı üçün polis tərəfindən saxlanılıb. İlk yoxlama zamanı aparılan nəfəs testində futbolçunun orqanizmində alkoqol aşkarlanmayıb.

Lakin təxminən iki saat sonra yenidən polis tərəfindən saxlanılan yarımmüdafiəçinin bu dəfə keçirilən müayinəsində kokain maddəsi aşkar edildiyi iddia olunur.

Qeyd edək ki, Kristian Volpato ABŞ, Meksika və Kanadada təşkil olunan 2026-cı il dünya çempionatında Avstraliya millisinin heyətində çıxış edib. Futbolçu mundial çərçivəsində 3 oyunda forma geyinsə də, məhsuldar fəaliyyəti ilə seçilməyib.