“Dubay bazarı”nda 10 manat borca görə tanışını bıçaqladı, 3 il müddətinə azadlıqdan məhrum edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Cahangir Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 13 noyabr 2022-ci il tarixdə, saat 00:15 radələrində Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən “Dubay bazarı” adlanan yerin yaxınlığında qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Cahangir Əliyev hadisədən əvvəl tanışı, zərərçəkmiş Əli Vəliyevə (şərti) 10 manat borca pul verib. Daha sonra o, tanışından həmin pulu geri qaytarmasını istəyib. Bu səbəbdən onların arasında mübahisə yarınıb. Nəticədə Cahangir üzərində olan kəsici-deşici alətlə Əlinin döş qəfəsinə bir zərbə endirərək ona xəsarət yetirib. Cahangir Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.