Çimnaz Sultanovanın səhv əməliyyat olunması ilə bağlı iddialara xəstəxanadan CAVAB

Bakı Sağlamlıq Mərkəzi aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazır olduğunu bildirib.

Bu barədə mərhumun yaxınlarının iddialarına cavab olaraq mərkəzdən bildirilib.

Qeyd olunub ki, aktrisa dəfələrlə Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb:

"2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub. İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul eıdib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib".

Mərkəzdən bildirilib ki, Ç.Sultanova son günlərdə klinikaya müraciət etməyib.

"Sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməməzliyi yaradan “Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar” diaqnozu ilə stasionar cərrahi müalicədə olunub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb.Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib.",- məlumatda vurğulanıb.

Qeyd edək ki, dünən vəfat edən aktrisa Çimnaz Sultanovanın yaxınları onun Bakı Sağlamlıq Mərkəzində səhv əməliyyat olduğunu iddia ediblər.