Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətin Anaklia limanının tikintisini Çin şirkətinə həvalə etməsini Gürcüstanın Qərblə münasibətlərinə “bıçaq zərbəsi” kimi qiymətləndirib.
Dövlət başçısı son günlərdə bütün diqqətin “xarici təsir” qanununa yönəldiyini, ona görə də hökumətin digər qərarlarının diqqətdən kənar qaldığını deyib.
Qeyd edək ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Qara dəniz sahilindəki meqalayihənin tikintisi ilə bağlı tenderin qalibinin Çin-Sinqapur konsorsiumu olduğunu bəyan edib. Lakin Levan Davitaşvilinin adını çəkdiyi şirkətlərdən ikisinin ciddi reputasiya problemi var.
Limanın tikintisində iştirak edəcək Çin Kommunkiyasiya Tikinti Şirkəti Cənubi Çin dənizində hərbi məqsədlərlə süni adalar inşa etdiyinə görə ABŞ-ın Ticarət Nazirliyinin “qara siyahı”sına salınıb, Çin Yol və Körpü Korporasiyası isə Dünya Bankı tərəfindən Filippindəki fəaliyyətlərində saxtakarlığa yol verməsi əsas gətirilərək sanksiyaya məruz qalıb.
Anaklia limanın mülkiyyətinin 51 faizi Gürcüstan hökumətinə, 49 faizi isə digər tərəfdaşlara məxsus olacaq.