Bələdiyyə sədrindən qisas almaq üçün məzar daşlarını sındırdı - HƏBS EDİLDİ

Bakıda fəhlə bələdiyyə sədri borcunu vermədiyi üçün məzarların baş və sinə daşlarını sındırdığı üçün həbs edilib. 

Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan "Xristian" qəbirstanlığında baş verib. 

Hadisəni 1989-cü təvəllüdlü Bakı sakini, Bakı abadlıq təmir-tikinti şirkətində fəhlə işləyən Seymur Cavadov (soyad şərti) törədib. O, Bakı abadlıq təmir-tikinti şirkətində fəhlə işləməklə yanaşı, "Xristian" qəbirstanlığında qeyr-rəsmi fəhlə, usta, mühafizəçi kimi çalışıb. 

Balaxanı bələdiyyəsinin sədri Bahadır Haşımov Seymur Cavadova "Xristian" qəbirstanlığında köhnə məzarları təmir etdirməyi tapşırıb. Hər təmir etdiyi məzara görə 100 manat məbləğində pul verməyə söz verib. Təqsirləndirilən şəxs məzarları təmir etdikdən sonra bələdiyyə sədri ona söz verdiyi pulu ödəməyib. Bahadır Haşımov müxtəlif bəhanələr gətirərək fəhlənin pulunu verməkdən yayınıb. 

Seymur Cavadov bələdiyyə sədrindən qisas almaq məqsədi ilə gecə mühafizə etdiyi 15-dən çox məzarın baş və sinə daşlarını sındırıb. Ərazidə kamera olduğundan hadisənin Seymur Cavadov tərəfindən törədilməsi sübuta yetirilib. 

Seymur Cavadov ifadəsində hadisəni bilərəkdən törətdiyini, bələdiyyə sədrindən qisas almaq məqsədi ilə etdiyini deyib. Bildirib ki, Bahadır Haşımov onu aldadaraq məzarları düzəltdirib, amma söz verdiyi pulu ödəməyib və o da əsəbləşərək, məzar daşlarını sındırıb. Məqsədi Bahadır Haşımovun bələdiyyə sədri vəzifəsindən çıxarılmasına nail olmaq olub.

Məhkəmənin qərarı ilə Seymur Cavadov Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək./"qaynarinfo"