Bıçağı əlindən alıb tanışını öldürdü - Bakıdakı qətlin təfərrüatı / FOTOLAR

Pirallahı rayonunda tanışını qətlə yetirməkdə təqsirli bilinən Zahid Məmiyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, Pirallahı RPŞ-nə Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Nəsir Əkbərovun bıçaq xəsarətləri ilə təcili tibbi yardım stansiyasına daxil olması, oradan isə 3 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölməsi barədə məlumar daxil olub.

Araşdırmalar nəticəsində Əkbərovu bıçaqla vurub öldürən şəxsin Fioletov küçəsi, ev 20, mənzil 14 ünvanında kirayənişin yaşayan, Lənkəran şəhər sakini Zahid Məmiyev olması müəyyən edilib. Hadisədən 1 saat sonra şübhəli şəxs qəsəbə ərazisində saxlanılıb.

İş üzrə dindirilmiş Zahid Məmiyev ifadəsində bildirib ki, 2003-cü ildə oğurluq əməlinə görə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Cəzasını 2 saylı cəzaçəkmə müəssəsində çəkərək 2010-cu ildə azadlığa buraxılıb.

Ailə qurduqdan sonra Pirallahı rayonunda kirayə evdə yaşayıb. Özünə məxsus qayıqla dənizdə balıq ovu ilə məşğul olub. 2014-cü ildən tanıdığı Nəsir Əkbərov onun qardaşı, balıqçı Elçin Məmiyevlə birlikdə işləyib. 

İyunun 8-i saat 21:30-da avtomobillə Əzizbəyov küçəsi ilə gedərkən qəflətən Nəsir qarşısına çıxıb, yumruğu ilə maşının mühərrik örtüyünün üzərinə bir dəfə vurub. Zahid avtomaşını saxlayıb, ondan nə səbəbə görə maşına vurduğunu soruşmaq istəyib. Əkbərov əlini atıb salondan bıçağı götürüb. Qardaşının və onun ünvanına nalayiq ifadələr işlədib. Məmiyev sağ əlini qabağa verib bıçağı tutmaq istəyərkən kəsici alət onun baş barmağını kəsib. Buna baxmayaraq sol əli ilə sifətinə yumruq zərbəsi vurub və bıçağı dartıb, Nəsirin əlindən alaraq boğaz nahiyyəsinə zərbə endirib. Əlbəyaxa olaraq bir-birilərinə yumruq atıblar. Mübahisə daha da gərginləşib. Hər ikisi yerə yıxılan zaman sağ əlində saxladığı bıçağı tanışının ürək nahiyəsinə vurub. Sonra sakitləşərək yerdən ayağa qalxıblar. 

Əkbərov söhbətlərinin qurtarmadığını bildirsə də, Zahid avtomobilinə əyləşərək oradan uzaqlaşıb. Daha sonra Zahid qardaşının evinə gedib, Nəsirlə dalaşdığını deyib, amma onu bıçaqladığını bildirməyib. Oradan çıxıb, piyada Pirallahı RPŞ-yə yollanıb və törətdiyi cinayəti etiraf edib. Bir müddət sonra Nəsir Əkbərovun aldığı xəsarətdən öldüyünü eşidib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Yadigar Əkbərov ifadəsində göstərib ki, saat 22:00 radələrində ev telefonlarına zəng edən qardaşı Nəsir Əkbərov bıçaqlandığını deyib. Qardaşı təcili yardım stansiyasında olduğunu bildirib. Təxminən 5 dəqiqədən sonra ora gəldikdə yaralının 3 saylı xəstəxanaya aparıldığını öyrənib. Yolda təcili yardım avtomobilinə çatanda həkim artıq Nəsirin vəfat etdiyini deyib. 

Məhkəmə prosesində Zahid Məmiyev ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş təqsirləndirilən şəxsə ağır cəza verilmədini xahiş edib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsindən 120.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir.

Sonda məhkəmənin hökmü ilə Zahid Məmiyev 13 il müddətinə azadlıqdan məhrum olunub.