Beynəlxalq narkotik bazarında nələr baş verir… - Və yaxud əkin sahələri azalırsa, təbii narkotik istehsalı necə artır?!

Dünya mediasında əsasən fentanil haqqında danışılsa da, kokain narkotik kartellərinin əsas ixrac məhsulu olaraq qalır. Eyni zamanda da fentanil və digər süni narkotiklərə təlabatın bazarda get-gedə yayılmasına baxmayaraq, kokain və heroinin istehsalında əsas rol oynayan ilkin ana qaynaq olan çətənə və koka bitkisinin əkilməsinin azalmasına rast gəlinmir. Doğrudur, Əfqanıstanda tez-tez tiryək əkin sahələrinin azalması göstəriciləri də önə çıxarılır. Amma buna baxmayaraq, tiryəkdən gələn gəlirlər azalmır ki, bu da əkini sahələrinin çoxalmasının gizli saxlandığı ehtimalını ortaya qoyur. Yəni rəsmi statistikada tiryək əkini sahələrinin azalması bildirilir, amma əslində isə bu əkin sahələri azalmır, sadəcə olaraq rəsmi qeydiyyata alınmır.

Bəs bunun səbəbi nə ola bilər? Səbəb kimi məhsulu rəsmi qeydiyyatdan kənarda saxlamaq ehtimalı irəli sürülə bilər ki, gəlirlər də rəsmi qeydiyyatdan kənarda qalsın. Bu halda “təbii narkotik”dən əldə olunan qazanc vergiyə cəlb olunmayacaq və narkoticarət camiəsinin “iri buynuzlu” fiqurlarının ciblərinə axacaq. Eyni hal kokainin ana xammal maddəsi olan koka bitkisinə də şamil oluna bilər. Yəni koka əkin sahələri də azalmağa doğru getmir, əksinə artır. 

    

Bu vəziyyət müəyyən qədər təəccüb və sual doğurur, çünki fentanil istehsalı daha ucuzdur, onu satmaq və alıcıya çatdırmaq da asandır. Bəziləri hətta proqnozlaşdırmağa başlayıblar ki, fentanilin icadından, bazara çıxarılmasından sonra And bölgəsində kokain azalacaq və onun satışından dolanan qruplar başqa gəlir mənbələri axtaracaqlar.

Amma belə olmadı. Qeyd etdiyimiz kimi, reallıqda koka əkin sahəsi artır, yeni marşrutlar açılır, yollar salınır və Ekvador getdikcə Kolumbiya kokaininin marşrutunda mühüm məntəqəyə çevrilir.

Ekvadorla bağlı qeyd etmək lazımdır ki, dünya narkotik ticarəti xəritəsində bu ölkənin əhəmiyyət kəsb etməsi çox vaxt ümumi cinayət nisbətinin artması ilə paralel gedir.

Yüksək rütbəli Kolumbiyalı polis rəsmisi bildirib ki, artan istifadə, aşağı istehsal xərcləri və maddi-texniki üstünlüklər nəticədə narkotik istehsalçılarını kokain əvəzinə fentanilə diqqət yetirməyə vadar edə bilər, lakin hələlik kokain bu ölkənin əsas narkotik ixracatı olaraq qalır.

ABŞ-da sintetik narkotik fentanilin sürətlə istifadəsi, Kolumbiya Prezidenti Qustavo Petro da daxil olmaqla, bəzilərində elə təəssürat yaratdı ki, dünyanın aparıcı istehsalçısı olan And ərazisində kokain istehsalı azalacaq. Hansı ki, kokain burada solçu partizanları və cinayətkar dəstələri maliyyələşdirir və Kolumbiyada 450 000-dən çox insanın ölümünə səbəb olan altmış illik daxili silahlı münaqişəni alovlandırır.

BMT-nin Narkotiklər üzrə İdarəsinin məlumatına görə, kokainin əsas tərkib hissəsi olan koka əkini keçən il Kolumbiyada 13% artıb, yəni rekord həddə çataraq 2300 kvadrat kilometrə (568,342 akr), potensial kokain istehsalı isə ildə 24% artaraq 1,738 metrik tona çatıb.

Kokain yalnız saf formada deyil, həm də digər maddələrin, o cümlədən qanuni dərmanların istehsalında istifadə olunur. Qanuni satışdan başqa da yuxarı səviyyəli alıcılara, daha baha qiymətə satılır. Bəzi ölkələrin narkotiki leqallaşdırmasının altında da buradan gələn gəlirlərin bəlli olmayan miqdarda bəzi ciblərə axmasının qarşısı alınması cəhdləri var, amma çifayda. Dövlət strukturları narkotik gəlirlərindən büdcəyə pay qatmaq istəyirlər, amma hələ ki, bu onlara müyəssər olmur. Təsəvvür edin ki, narkotik tərkibli preparatların qanuni istehsalı üçün leqal şəkildə alınan narkotik məhsulu ölkəyə normal şəkildə gömrükdən keçərək gəlir. Məsələn, pambıq parça istehsalı üçün alınan pambıq kimi. Bu halda tiryəkdən və kokadan alınan dərman preparatları satışından “dodaq uçuqladacaq” qədər külli miqdarda məbləğ rəsmi şəkildə istehsalçıların büdcəsinə axar.

Ümumiyyətlə isə, narkotikin dövlət orqanlarında rəsmi alqı-satqı qeydiyyatından keçməyən, yəni istehsala qədərki tədarükündən “vergidən yayındırılan” nəhəng qazanc əldə edilir. Çünki narkotik dərman preparatı istehsalı üçün laboratoriyalara qədər gəldiyi yolda rəsmiləşmir, ondan vergi tutulmur. Belə olan halda isə narkotik tərkibli dərman preparatlarından əldə olunan pullar da dövlət büdcəsinə yox, narkotik təchizatçılarının büdcəsinə axır. Beləliklə, fentanil marixuana və kokainə bazarda uduzur. Axı süni narkotik olan fentanilin prekursorlarından dərman preparatları istehsal etmək olmur. Dərman preparatları təbii narkotiklərdən istehsal olunur. Bu səbəbdən, çətənə, heroin, kokain istehsalı nə rəsmi qeydiyyata düşməyəcək, nə də dayanmayacaq.

Hazırladı: Asya ŞÜKÜROVA

Stopnarkotik.az