Bayram tonqalı partlayışa səbəb oldu - XƏSARƏT ALANLARIN SON DURUMU / YENİLƏNİB, VİDEO

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.

Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

***23:30

Sumqayıtda bayram tonqalına atılan maddə partlayış yaradıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.