Bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxslər saxlanıldı

Mayın 23-də metro stansiyalarından birinin ərazisindəki bankomatda paytaxt sakininin bank kartından 300 manat məbləğində pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı qadını Metropolitendə Polis İdarəsinin əməkdaşları müəyyənləşdirərək saxlayıblar.

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının gördükləri tədbirlər nəticəsində mayın 26-da Binə qəsəbəsindəki bankomatda bir şəxsin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən Məhəmməd Əliyev saxlanılıb. Onun mayın 19-da qəsəbə ərazisində başqa bir şəxsin bank kartından 200 manat oğurlaması da müəyyən olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polis əməkdaşları vətəndaşların kibermaarifləndirilməsi məqsədilə respublika ərazisində bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də əhalinin sıx toplaşdığı digər məkanlarda məlumatverici lövhələr asır, sakinlərə broşürlər paylayır, onlarla maarifləndirici söhbətlər aparırlar.

Vətəndaşlara heç bir halda bank və digər şəxsi məlumatlarını qarşı tərəfə ötürməmək, kiberdələduzların qurbanına çevrilməmək üçün tanımadıqları şəxslərdən telefonlarına gələn mesaj və bildirişləri açmamaq barədə izahlar verilir.

Bir daha hər kəsi diqqətli olmağa çağırır və bu cür hallarla üzləşdikləri təqdirdə dərhal polisə məlumat vermək tövsiyə edilir.