Bank və dövlət sektorlarına qarşı fişinq cəhdi ilə bağlı araşdırma aparılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) məlumat verilib.
Bildirilib ki, Xidmət tərəfindən steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırılıb.
Təhlil nəticəsində müəyyən edilib ki, hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə “Remcos RAT” tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.
Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.
Qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunurlar.