Bakının məşhur gecə klubunda dava: Barmen müştərini döydü

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 ünvanında yerləşən "Level Music Hall" adlı gecə klubunda müştərini döyən barmenə hökm oxunub. 

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, dava müştərinin klubun içərisində olan dəzhagın arxa hissəsindəki otaqda köynək dəyişməsi üstündə baş verib. 

Belə ki, Əkbər adlı müştəri tikişi sökülən köyəyini dəyişmək üçün klubun ofisantından yer istəyib. Ofisant onu klubun içərisində olan dəzhagın arxa hissəsindəki otağa istiqamətləndirib. 

Əkbər köynəyini dəyişərkən klubda barmen işləyən 2000-ci il təvəllüdlü Orxan Cəfərov (soyad şərti) əsəbi halda ondan otaqda nə iş gördüyünü soruşub. Əkbər isə əsəbi halda ona köynəyini dəyişdiyini və bu məsələnin ona heç bir aidiyyatı olmadığını deyib. Nəticədə tərəflər arasında mübahisə davaya çevirilib. 

Orxan Cəfərov müştərini döyərək sifətin sağ yarısının şişkinlik halında əzilməsi, ağzın sağ yarısının selikli qişa səthinin qansızması və əzilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığına zərər vurub. 

Hadisədən sonra Orxan Cəfərov saxlanılıb və məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.