İyunun 26-da Bakıda həmkəndlisi İsmayıl Allahverdiyev tərəfindən güllələnən 24 yaşlı Tural Kosayev doğulduğu Qazaxın Daş Salahlı kəndində dəfn edilib.
Mərhumun atası Kamil Kosayev oğlunu qətlə yetirən İsmayıl Allahverdiyevi tanımadığını, onunla heç bir problemlərinin olmadığını söyləyib.
"Kaş ki, ayağından vurardı, balam yaşayardı. Bəlkə, ayağı kəsilərdi, gələrdi, gözümün qabağında olardı. Yaşayardı, nəfəsi gələrdi. Kaş o torpağa mən girərdim", - mərhumun atası deyib.
Baku TV hadisəni törətməkdə şübhəli bilinən İsmayıl Allahverdiyevin də evində olub. Qonşular ailənin Bakıya yollandığını bildiriblər:
"Deyilənə görə, ikisi də eyni qızı istəyirmiş. İsmayılı döyüblər. O da "burada durun, gəlirəm" deyib. Silahı götürüb gəlib, oğlanı vurub".
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Ətraflı Baku TV-nin süjetində:
19:18
Ötən gün paytaxtın Nərimanov rayonunda baş verən silahlı insidentdə qətlə yetirilən Tural Kosayev Qazaxda dəfn olunub.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.
Qeyd edək ki, hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.
Ətraflı Baku TV-nin süjetində:
14:56
Ötən gün Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.
Axar.az-ın əldə etdiyi məlumata görə, hər iki gənc Qazaxın Daş Salahlı kəndindən olsa da, Tural Kosayevdən fərqli olaraq, İsmayıl Allahverdiyevin ailəsi bura Borçalının Qaraçöp kəndindən köçüb.
Daş Salahlıdan olan həmsöhbətimiz bildirib ki, Tural Kosayevin həyatı heç də asan olmayıb. Atası Kamil içkiyə meyilli olduğu üçün ailədə vaxtaşırı söz-söhbət olub. Nəhayət, anası ayrılmaq qərarı verib. Uzun müddətdən sonra ailə yenidən bir araya gəlib, ata-ana barışıb.
Maddi baxımdan imkansız olan ailə bir müddət öncə xeyirxah insanların dəstəyi ilə Bakıda varlı bir şəxsin bağ evində məskunlaşıb – həm bağa nəzarət edir, həm də ata ilə birgə Tural və digər qardaşı tikintidə fəhlə kimi çalışırlarmış. Tural və qardaşının sakit, zəhmətkeş və ailəcanlı olduğu bildirilir. Məhz iki qardaşın sayəsində ailə yenidən toparlanıb, həyatları yenicə axarına düşübmüş.
İddialara görə, Kosayevlər ailəsində sağlıqla bağlı da problemlər var: Turalın anası qardaşının səhhətindəki problemə görə böyrəyinin birini ona verib, əməliyyatda donorluq edib. Turalın qardaşı da qismən fiziki məhdudiyyətlidir.
Turalın vicdanlı, dürüst, ətrafına qarşı diqqətli olduğu haqda xeyli hadisələr danışılır.
Tural öz kəndlərində imiş, qətlə yetirilən gün səhər Bakıya qayıdıb.
Turalın ölümünə səbəb olan qızın da eyni kənddən olduğu vurğulanır. Hazırda Bakıda yaşayır.