Bakıda yenidən zəlzələ gözlənilir? - SEYSMOLOQDAN AÇIQLAMA

"Bakı kimi güclü təkan olmayan şəhərdə yenidən zəlzələnin təkrarlanması çətin məsələdir".

Stopnarkotik.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında seysmoloq Ənvər Əliyev bildirib. 

Onun sözlərinə görə, kiçik təkanların olması istisna deyil: “Nisbətən azalmaya doğru gediləcək. Kiçik təkanlar var və olmalıdır. Amma paytaxtda zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur. Bakının tarixində indiyə qədər dağıdıcı zəlzələ olmayıb. Xırda zəlzələlərin olduğu ərazilərdə güclü təkanların olması yüzdə bir ehtimaldır. Bunun səbəblərindən biri yerin enerjisinin yavaş-yavaş çıxmasıdır. Digər ərazilərdə olan təkanlar da qorxulu hesab edilmir. Seysmoloji xəritələri təhlil edirəm, güclü təkanın olma ehtimalı çox aşağıdır”, - deyə tanınmış seysmoloq vurğulayıb.

O, vətəndaşları təşvişə düşməməyə çağırıb.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Zəlzələ Quba, Xaçmaz, Siyəzən 6 bala Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala gədər hiss olunub.