Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nəticədə müxtəlif ölkələrin vətəndaşı olan daha 25 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar.
DİN-dən Stopnarkotik.az-a bildirilib ki, araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
Qeyd edək ki, DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.