Bakıda məktəbin həyətində kütləvi dava: BIÇAQLANANLAR VAR - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda bıçaqlanma hadisəsinə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Stopnarkotik.az-a bildirib ki, hadisə iyunun 11-də Nərimanov rayonu ərazisindəki məhəllələrin birində baş verib.

“Belə ki, 2002-ci il təvəllüdlü Zeynal Turabov tanışı Röyal İsrəfilova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır. Hər iki tərəfin izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”, - o deyib.

***09:07

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.