Bakıda kafedə ofisiant müştərini döydü - TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 2003-cü il təvəllüdlü Ceyhun münaqişə zəminində Kamala xəsarət yetirib. 

Hadisə ötən ilin iyunun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən parkın daxilində fəaliyyət göstərən “Tumurcuq” adlı kafedə baş verib. 

Ceyhun Kamalın zarafat etməsinə etiraz edib və buna görə də onların arasında mübahisə yaranıb. Bu zaman Ceyhun yumruqla sonra burun və üz nahiyəsindən zərbələr vuraraq ona xəsarətlər yetirib.
 
Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, “Tumurcuq” kafesində ümumi ara vermək şərti ilə 1 ilə yaxın ofisiant kimi işləyib: 

“Kafedə işlədiyim vaxtlardan Kamalı tanımışam. Kamal da “Tumurcuq” kafesində ofisiant kimi işləyib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 20-də, saat 14.00-da Kamal “Tumurcuq” kafesində müştəri kimi təklikdə oturub və “pepsi” içkisi sifariş edib: 

“Kamalı görərək onunla zarafat etməyə başladım. Kamal isə mənə cavab vermədi. Buna əsəbləşərək Kamala yumruqla, sonra isə kəllə ilə zərbə vurdum. Bundan sonra Kamal getdi”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ceyhunun sözlərinə görə, iyunun 20-də Hövsan qəsəbəsində yerləşən parkın içərisində fəaliyyət göstərən “Tumurcuq” kafeyə dönər almaq üçün gedib: 

“Həmin kafedə 2021-ci ilin yay ayında ofisiant olaraq işləmişdim. “Tumurcuq” kafesinə çataraq dönər sifariş edən zaman kafedə işlədiyim vaxtlardan tanıdığım Ceyhun adlı şəxsi gördüm. Ceyhun əvvəllər həmin kafedə ofisiant kimi işlədiyindən onu oradan tanımışam. Dönər sifariş edən zaman Ceyhun mənimlə şit zarafatlar etməyə başladı. İlkin olaraq baş qoşmasam da, sonradan Ceyhuna cavab qaytardım. Bu zaman Ceyhun məni yumruqla, sonra isə burnumdan kəllə ilə zərbə endirdi. Bundan sonra bizi kafenin işçiləri aralaşdırdı. Sanitar qovşağına daxil olaraq əl üzümü yudum və sonra evimə getdim”. 

Zərərçəkmiş deyib ki, hadisə barədə atasına məlumat verib: 

“Atam isə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət etdi”. 

Suraxanı rayon Məhkəməsinin hökmü ilə Ceyhun 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
 
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. /demokrat.az