Azərbaycanlı sahibkarların bazarı uğrunda mübarizə - RUSİYADA SOYDAŞLARIMIZA TƏZYİQLƏR DAVAM EDİR

“Alekseyevski bazarı”nın sahibi yayda həbs edilmişdi, “kriminal lider” dedikləri Niyaz Zahidovu Azərbaycandan da deportasiya olunubmuş...

Voronejdə yerli xüsusi təyinatlılarının (SOBR) “Alekseyevski bazarı”ndakı keçirdiyi əməliyyat haqda rəsmi xəbərlər azdır.

Xatırladaq ki, əməliyyatın “Azərbaycan diasporunun nümayəndələrinə qarşı” keçirildiyi deyilsə də, yalnız bir nəfərin saxlanıldığı haqda bilgi var.

Söhbət Rusiya mediasının “yerli kriminal aləmdə əsas fiqur” kimi təqdim etdikləri Niyaz Zahidovdan(ruslar Zaidov kimi təqdim edir) gedir. “İki mayor” Telegram kanalının məlumatına görə, N.Zahidov Voronej vilayətindəki Azərbaycan kriminal aləminin lideri və “Alekseyevski bazarı”nın nəzarətçisi hesab olunur. Həbs edildikdən sonra onu polis bölməsinə aparıblar, oradan onun Rusiya vətəndaşlığı pasportu götürülüb. Daha sonra Zaidov deportasiya olunmaq üçün qeyri-qanuni mühacirlərin saxlandığı təcridxanaya göndərilib.

Azərbaycan mənbələrində onun kriminal keçmişi haqda bilgi yoxdur, amma Rusiya nəşrləri iddia edir ki, 2005-ci ildə Voronej vilayət məhkəməsi Zahidovu qətlə görə 8 il müddətinə azadlıqdan məhrum edib. Maraqlıdır ki, onun cəzasının Azərbaycanda çəkdiyi deyilir. İddia həm də budur ki, Azərbaycanda Zahidov vaxtından əvvəl azadlığa buraxılıb, hətta bundan sonra məhkumluğu üzərindən götürülüb.Zahidov daha sonra Rusiyaya qayıdıb. 2019-cu ildə Rusiya vətəndaşlığı və Rusiya pasportu alıb.

**

Voronejdəki Azərbaycan diasporunun rəhbəri Mehdi Mehdiyev APA-ya açıqlamasında bir neçə il bundan qabaq da xüsusi təyinatlı polis dəstəsinin - OMON-un Zahidovun doğum günü tədbirinə basqın etdiyini söyləyib.

Diaspor rəhbəri N.Zahidovun Azərbaycan Respublikasının vətəndaşlığının olmadığını söyləyib. Bildirib ki, Zahidov bir müddət əvvəl Azərbaycandan da deportasiya olunub: “Bu yaxınlarda onun qardaşı rəhmətə getmişdi. Azərbaycana getdi, amma buraxmadılar. Oradan da deportasiya olunub. İndi Rusiya tərəfi də onun vətəndaşlığını ləğv edib. Evinə gəlib bildiriblər ki, vətəndaşlığı əlindən alınıb". İnsidentə baxmayaraq, Vorenej daisporasının rəhbəri azərbaycanlılarla bağlı vəziyyətin sakit olduğunu vurğulayıb

Voronej məhkəməsi bir müddət əvvəl “Alekseyevski bazarı” nın ortaq sahibi Yusif Xəlilovun barəsində yayda həbs qətimkan tədbiri seçilmişdi. İddialara görə, iş adamı oğlunu hərbi xidmətdən azad etmək üçün məmura rüşvət verib. Onun sonradan azadlığa buraxıldığı deyilirdi. Yusif Xəlilov haqda son məlumatlar yoxdur. Məlumata görə, məhkəmə bazarın sökülməsinə qərar versə də, hələ də bu bazar işləyir.

**

Rusiya nəşrləri isə yazırlar ki, “Alekseyevski bazarı”ndakı əməliyyat Voronej sakinləri arasında razılıqla qarşılınab. “Yerli sakinlər qeyd edirlər ki, bu cür tədbirlər təhlükəsizliyin möhkəmləndirilməsinə və asayişin qorunmasına xidmət edir, həmçinin hüquq-mühafizə orqanlarına etimadın artmasına müsbət təsir göstərir. SOBR zabitləri bir daha peşəkarlıqlarını nümayiş etdirərək, kritik çağırışlara çevik və operativ cavab vermək bacarıqlarını sübut etdilər. Voronej sakinləri şəhərdə əmin-amanlığın təmin edilməsinə görə minnətdarlıqlarını bildirir və bu sabitliyin qorunub saxlanacağına ümid edirlər” deyə, qeyd edilir./musavat.com