Azərbaycanda “zapravka”ya basqın edən şəxslərə hökm oxundu - AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cavid Əsədov və Səlim Məmmədovun (hər ikisi şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cavid Əsədov 20 il və Səlim Məmmədov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 26 dekabr 2017-ci ildə, gecə saat 02 radələrində Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsində, Kərimbəyli-Alıxanlı avtomobil yolunun sol kənarında yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Belə ki, Cavid Əsədov tanışı Səlim Məmmədovla birgə piyada yanacaqdoldurma məntəqəsinə gediblər. Onlar orada tanınmamaları üçün özləri ilə əvvəlcədən götürdükləri masqanı üzlərinə geyinib, həmin gün işdə olan və məntəqənin dəmir vaqonunda istirahət edən operator, zərərçəkmiş şəxs Mahir Həsənovun (şərti) olduğu vaqonun qapısını döyüb. Cavidlə Səlim zərərçəkmiş şəxsə yalandan avtomobilinin benzini qurtardığı üçün plastik qabda benzin almaq istədiklərini deyiblər. Mahir isə plastik qabda benzin satmadığını söyləyib və qapını açıb. Bu zaman onlar zərərçəkmiş şəxsin pulunu ələ keçirmək məqsədilə içəri keçərək ona hücum ediblər. Cavid taxta parçası ilə, Səlim isə təpik və yumruqla onun baş-qol nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə güclü zərbə vurublar. Mahir zərbələrin təsirindən qapının ağzında yerə yıxılıb. Səlim zərərçəkmişin şalvarının cibindən 600 manat pulu zorla götürməyə çalışıb. Bu zaman özünə gələn zərərçəkmiş şəxs əli ilə onun üzündə olan masqanı dartıb yerə salıb. Səlim 600 manat pulu götürdükdən dərhal sonra Cavidlə birlikdə oradan qaçıb gedib.

Qeyd: Hadisədən bir neçə il sonra Cavid Əsədov qətl törətdiyinə görə 19 il 6 ay və Səlim Məmmədov isə digər quldurluq əməlinə görə 12 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həbsdə ona zaman 2017-ci ildə törətdikləri cinayət əməlinin üstü açılıb./pravda.az