Sabirabadın Əliləmbəyli kəndinin ərazisində olan təbii göl başqa şəxslərə icarəyə verilib.
Kənd sakinləri "Axmaz” gölünün icarəyə verilməsinə etiraz edirlər.
Onlar "Axmaz”ın ümumi istifadəyə qaytarılmasını tələb edirlər.
Sabirabadda 25 hektar ərazini əhatə edən "Axmaz” gölü rayonun Əliləmbəyli kəndi ərazisində yerləşməsinə baxmayaraq, vaxtilə ondan Bala-Həşimxanlı və Çöl-Ağaməmmədli kəndinin sakinləri də istifadə ediblər.
Sakinlər qeyd edirlər ki, uzun illər həm "Axmaz”ın balığından tutublar, həm də yay aylarında su qıtlığı olan zaman ora yığılan sulardan nasoslar vasitəsilə əkin sahələrinin suvarılmasında istifadə ediblər.
İndi isə onlar göldən istifadə edə bilmirlər. Çünki, 25 hektarlıq "Axmaz” bələdiyyə tərəfindən bir vətəndaşa balıqçılıq və quşçuluğun inkişafı məqsədilə icarəyə verilib.
Kənd bələdiyyəsindən isə bildirilib ki, həmin torpaq sahəsi bələdiyyə şurasının qərarı ilə 14 dekabr 2021-ci il tarixdə subicarəyə verilib və vətəndaşların tələbi əsassızdır.
Gölü icarəyə götürən Araz Rəsulov da şifahi olaraq bildirib ki, təbii "Axmaz” gölü 2007-ci ildə həmin dövrkü bələdiyyə sədri tərəfindən rayon sakini Şıxəliyeva Sahilə Əli qızına icarə müqaviləsi əsasında 99 illik icarəyə verilib. Həmin icarə müqaviləsi əsasında isə 2021-ci il 14 dekabr tarixində 1 nömrəli subicarə müqaviləsinə əsasən, sözügedən ərazi quşçuluq və balıqçılıq məqsədi ilə icarə müqaviləsinin qalan müddətinə onun icarəsinə verilib.