Lənkəran Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini qanunsuz keçərək narkotik vasitələri ölkə ərazisinə gətirməkdə təqsirləndirilən İran vətəndaşlarıı Şeyx Nya Əli Cəmşid və Əlipur Puya Əliyə hökm oxunub.
Stopnarkotik.az xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında İran vətəndaşlarının hər biri 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, İran vətəndaşı Şeyx Nya Əli həmyerliləri Əlipur Puya Əli və Səccad adlı şəxs ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma, Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girməkdə təqsirləndirilib.
Onlar digər İran vətəndaşları ilə birgə İran ərazisində külli miqdarda narkotik vasitələr olan ümumi çəkisi 6 kiloqramdan çox qurudulmuş marixuananı, 4 kiloqrama yaxın heroini, 5 kiloqrama yaxın metanfetamini və güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddə olan preqabalini qanunsuz olaraq dövlət sərhəddini keçib satış məqsədilə Azərbaycana gətirməkdə ittiham olunub.
Qeyd edək ki, hər iki İran vətəndaşı bu ilin yanvarın 5-də Füzuli rayonunun Birinci Mahmudlu kəndində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindən qanunsuz olaraq Azərbaycan ərazisinə keçərkən sərhəd naryadı tərəfindən saxlanılıb. Naryadın “dayan” əmrinə məhəl qoymayan Şeyx Nya Əli adlı şəxs sərhəd xidməti tərəfindən zərəsizləşdirilərək həbs olunub.
Onlara qarşı Cinayət Məclləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2 (Qaçaqmalçılıq) 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama), 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama), 240.3.2 Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb./report