Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb.
Stopnarkotik.az xəbər verir ki, yolasalmada iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu göndərilən humanitar yardım üçün Azərbaycana təşəkkür edib.
Səfir bildirib:
"Prezident İlham Əliyevə təşəkkür edirəm ki, İrana bu cür vəziyyətdə humanitar yardım göstərib. Bu da bizim müştərək mədəniyyətimizdən xəbər verir. Novruz bayramı ərəfəsində bu xoş niyyət olduqca təqdirəlayiq. Çox xoş və sevindirici haldır ki, yardıma ilk Azərbaycan qoşuldu. Bu da bizim üçün olduqca əhəmiyyətlidir".
Qeyd edək ki, bundan əvvəlki Azərbaycandan İrana ilk humanitar yardım martın 10-da yola salınıb. Humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub.
***09:16
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.
Stopnarkotik.az-ın məlumatına görə, İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.
Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.
Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.