Astarada FACİƏ – 17 yaşlı hamilə gəlin toy gecəsi dünyasını dəyişdi / FOTOLAR, YENİLƏNİB-1

Dünən saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.

***12:00

Astarada 17 yaşlı qadının toy gecəsi ölümünün təfərrüatı məlum olub.

Hadisə rayonun Deqədi kəndi ərazisində "Ata Yurdu" şadlıq sarayındakı toy mərasimində baş verib.

Toy mərasimi olan cütlük isə Astara rayonunun Dolu kənd sakinləridir.

Kənd sakini, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova kənd sakini olsa da, 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Bakının Zirə qəsəbəsinə köçüb və orada istixanalarda fəhlə işləməyə başlayıb.

O, həmin vaxt həmkəndlisi olan oğlanla münasibət qurub və sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.

Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər və onlar dərhal Dolu kəndinə qayıdaraq, toya hazırlaşıblar.

Oktyabrın 28-də rayonun Deqədi kəndindəki "Ata Yurdu" şadlıq sarayında toy məclisi başlayıb. Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və o, təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı məlum olub ki, qadın 7 aylıq hamilədir. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib./oxu.az

***10:41

Astara rayonunda 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova həyatını itirib.

Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, gənc qızın dünən Deqədi kəndindəki şadlıq saraylarından birində toyu olub.

Toydan sonra onun vəziyyəti pisləşib və dərhal Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ə.İmanovanın hələ 18 yaşını tamam olmayıb və o, hamilə imiş.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.