“Aidiyyatı qurumlar açıqlama verməlidirlər...” - Deputat Bakı səmasında uçan dronlardan danışdı

“Bildiyiniz kimi, ayın 16-da gecə saat təxminən 01:00 radələrində Bakı şəhəri üzərində pilotsuz uçuş aparatı peyda olub. Bu insanlarda xeyli dərəcə narahatlıq yaradıb. Çox təəssüf ki, müvafiq dövlət orqanları bu barədə heç bir açıqlama vermirlər”.

Bunları Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunu var. Orada bildirilir ki, dövlət orqanlarının borcudur ki, belə hallarda ictimaiyyəti informasiya ilə təmin etsin. “Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunumuzda da qeyd olunur ki, dövlətin siyasəti informasiya fəzasında milli təhlükəsizliyi təmin etməkdir. Bu kimi hallarda, yəni geniş ictimai rezonans doğuran hadisələr barədə məlumat verilmədikdə, bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur və çox təəssüf ki, bu şayiələrin böyük bir qismi də dövlət və dövlət orqanlarının gözdən salınmasına yönəlir. Ona görə də hesab edirəm ki, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməli və ictimaiyyəti vaxtında bu barədə məlumatlandırmalıdırlar ki, müxtəlif şayiələrin qarşısı alınsın”, - deputat vurğulayıb.

Q.Həsənquliyev xahiş edib ki, Milli Məclisin Aparatı onun çıxışını Müdafiə Nazirliyinə deputat sorğusu kimi qəbul etsin və göndərsin. Onlar da ictimaiyyəti bu barədə məlumatlandırsınlar.