Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclas da qalmaqalla başlayıb.
Prosesin əvvəlində zərərçəkmiş Gülnaz Məmmədova və şahid qismində tanınmış qızı Aytac Əliyeva ilə mübahisə edib. Mübahisə zamanı zərərçəkmiş və qızı səslərini yüksəldib, təqsirləndirilən şəxsləri təhqir ediblər.
Hakim iclası pozduğuna görə şahidi zaldan kənarlaşdırıb, anasına isə xəbərdarlıq edib: “Rəfiqəlik edəndə, evinə çağırıb qarşısına tortla çay qoyanda məhkəmədən icazə almışdız? Hamısı elə sizin qanunsuz yolla pul qazanmaq tamahınızın nəticəsidir. Məhkəmə zalında sakit olun!”
Prosesin davamında Aytac Əliyevanın vəkili bir sıra vəsatətlə çıxış edib.
Vəkil iş üzrə adı keçən iki müstəntiqin məhkəməyə çağırılmasını, müvəkkilinin səsi kimi təqdim edilmiş səs yazısının yoxlanılmasını və A.Əliyevanın 10-a yaxın xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək ev dustaqlığına buraxılmasını istəyib.
Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib: “İstintaq təcridxanasının müalicə müəssisəsi var. Ehtiyac yaranarsa, ora müraciət etmək olar”.
Digər vəsatətlər isə baxılmamış saxlanılıb. Daha sonra hakim bacılardan qızıl alverindən qazandıqları pulları nəyə xərclədiklərini soruşub.
Eks-bələdiyyə sədri bu məsələdə də bacısını günahlandırıb: “İlknurun dediyinə görə qızılları alandan sonra qiymət düşüb, ucuza satıb. Bu işlərə görə klinikalardan birinin yanında affekt vəziyyətdə bacımı öldürmək istəmişəm. Mən bacımın səhvlərinin qurbanıyam. 3 universitet bitirmişəm, indi doktoranturada oxumalıyam, amma gəlib məhkəmədə mühakimə olunuram”.
Prosesin davamında iş materiallarının tədqiqi davam etdirilib. A.Əliyeva sənəd saxtalaşdırılması epizodu üzrə də ittihamları təkzib edib, sənədlərin saxtalaşdırıldığı tarixdə bələdiyyə sədri olmadığını deyib: “Orda söhbət 2014-cü ildən gedir. Həmin vaxt da mən bələdiyyə sədri işləməmişəm. Aidiyyətim olmayan məsələyə görə niyə ittiham olunuram? 2 ildir günahsız ola -ola təcridxanada saxlanılıram”
Məhkəmə heyəti məzuniyyətə getdiyinə görə proses oktyarın 10-a kimi təxirə salınıb.
Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknurTurkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.