Artıq birinci dəfə deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Rusiya erməni təxribatçı jurnalistlər arasında sözlü qarşıdurma yaşandığının şahidi oluruq. Belə ki, bu təxribatçılar Rusiya qurumlarının nümayəndələrinin Azərbaycan əleyhinə hər hansı fikir səsləndirməsi üçün dəridən-qabıqdan çıxırlar.
Bu cür sözlü qarşıdurmalar xüsusən ənənəvi olaraq Rusiya Xarici İşlər Nazirliyinin brifinqlərində müşahidə olunur. Bu gün də istisna olmadı.
Stopnarkotik.az xəbər verir ki, erməni təbliğatçı-jurnalist gözlərində təşviş ifadəsi ilə bir-birinin ardınca təxribatçı suallar verərək, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanı Azərbaycana qarşı bəyanat səsləndirməyə vadar etməyə çalışıb, lakin səyləri boşa çıxıb.
Belə ki, psevdo-jurnalist bu yaxında Azərbaycan bayrağını təhqir edən üç erməninin "Laçın" sərhəd-buraxılış məntəqəsi yaxınlığında saxlanılması ilə bağlı sual verərək, eyni zamanda, rus sülhməramlılarını müdaxilə etməməkdə qınayıb və bildirib ki, "insanlar onlara etibar ediblər". Zaxarova isə cavab olaraq bildirib ki, bu kontekstdə məsuliyyəti rus sülhməramlı kontingentin üzərinə atmaq yersiz və yanlışdır.
"Yerinə otuzdurulan" erməni təxribatçı bu dəfə Rusiyanın Azərbaycan nümayəndələri ilə Azərbaycanın Qarabağ ərazisindəki erməni əhali arasında görüş keçirmək təklifi ilə bağlı sual verərək, bu zaman erməni azlığın nümayəndələrinin saxlanılmayacağına zəmanət məsələsini qaldırıb. Zaxarova bildirib ki, razılaşmaların icrası bunun təminatıdır.
"İnterpretasiya ilə, yeni konstruksiyalar icad etməklə, üçüncü tərəfləri cəlb etməklə məşğul olmaq lazım deyil", - deyə o əlavə edib.
Onun sözlərinə görə, razılaşmaların icrasında qeyri-dürüstlük olduqda artıq zəmanət barədə düşünmək olmur. Hiddətlənmiş erməni jurnalist Zaxarovadan Ermənistanın məhz hansı razılaşmaları pozduğunu soruşub. Zaxarova isə cavabında bildirib ki, pozuntudan bəhs etmir, sadəcə, razılaşma şərtlərini icra etməyin lazım olduğunu deyir. Zaxarova İrəvan üçün mühüm məsələ ilə bağlı Ermənistanın mövqeyinin əsaslı şəkildə dəyişdiyini qeyd edib.