Ermənistanın müxalifyönümlü nəşrlərindən olan “Hraparak”, sentyabrın 21-də Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə Qarabağın azsaylı sakinlərinin təmsilçiləri arasında Yevlax şəhərində baş tutan görüşün bir sıra detallarını açıqlayıb.
Stopnarkotik.az azpolitika.info-ya istinadən xəbər verir ki, “Hraparak” Yevlaxda keçirilən görüşdə Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələrinin əsas prioritet tələbini açıqlayıb.
Nəşr qeyd edib ki, Azərbaycan tərəfi təkidlə Xankəndidəki bütün “dövlət strukturları” və “qurumlar”ın ləğvi ilə bağlı elan verilməli olduğunu bildirib. Həmçinin erməni təmsilçilərin diqqətinə çatdırılıb ki, bütün “qurum”ların yerləşdiyi binalardan Azərbaycan bayrağı asılmalı, bundan sonra isə inteqrasiya prosesi başlamalıdır.
Nəşrin məlumatına görə, erməni tərəfi Xankəndiyə girişin bir qədər gecikdirilməsini xahiş edib. Bakının buna cavabı haqda isə məlumat verilməyib.